“Ehtiyatda oturan futbolçu daha hirsli olur”
28.08.2011 - 23:01
“Ehtiyatda oturan futbolçu daha hirsli olur”
“Bir müddət ehtiyatda qaldıqdan sonra yenidən əsas heyətdə meydançaya çıxdım. Baş məşqçi Elxan Abdullayev məni ənənəvi mövqeyimdə oynatmasa da, bəslənilən ümidləri doğrulda bildim”. Bu sözləri apasport.az saytına açıqlamasında milli komandamızın və AZAL-ın futbolçusu Elşən Məmmədov deyib.

31 yaşlı futbolçu Şüvəlan qəsəbə stadionunda keçirilən AZAL - “Neftçi” görüşündə dubl edərək, komandasının 3:1 hesablı qələbəsində əsas pay sahibi olub.

Elşən uzun müddətli fasilədən sonra əsas heyətdə oynamağın çətin olduğunu bildirib: “Milli komandanın toplanışına qatılmaq məni bir az diriltdi. Məşqlərdə çox səy göstərsəm də, oyun praktikası tam başqadır. Futbolçu oynadıqca, özünə daha çox güvənir. Amma “İnter”də baş məşqçim olan Anatoli Konkov deyirdi ki, ehtiyatda oturan futbolçu meydançada mübarizə aparan futbolçudan daha hirsli olur. O, deyirdi ki, ehtiyatda oturan oyunçu əlinə düşən hər bir şansdan məharətlə istifadə etməlidir. Onun sözləri həmişə qulağımdadır. Dubl etməyimə baxmayaraq, oynamaq mənim üçün olduqca çətin idi. Şükür Allaha ki, həmin yükü qaldıra bildim”.

Hücumçu rəqib komanda barədə də fikir yürüdüb: “Neftçi” məğlub olsa da, yaxşı oynadı. Bizim əsas üstünlüyümüz qurulan hücumlardan məharətlə istifadə etməyimizdə idi. İnanıram ki, bu qələbədən sonra baş məşqçinin mənə inamı daha da artacaq. Mən baş məşqçinin ümidlərini puç etmədiyim halda, komanda azarkeşlərin rəğbətini növbəti dəfə qazandı. Biz “Neftçi” üzərindəki qələbə ilə “Xəzər Lənkəran”a uduzduğumuza görə, küsmüş azarkeşlərin də könlünü aldıq”.

Məmmədovun dubl etdiyi oyunu milli komandamızın almaniyalı baş məşqçisi Berti Foqts da izləyib. Elşənin fikrincə, göstərdiyi oyunla Foqtsda xoş fikir formalaşdırıb: “Az oynamağıma baxmayaraq, Foqts məni son toplanışlara dəvət edib. Millinin baş məşqçisi ötən ildən mənim potensialıma bələddir. O, son qısamüddətli toplanışda dedi ki, “Elşən, millidə daim oynamağını istəyirsənsə, klubunun əsas futbolçusuna çevrilməlisən.

Foqtsun dediklərini baş məşqçimizə çatdırmışam. Seçmə mərhələnin oyunlarına 3-4 gün qalmış şans verdiyinə görə, Elxan müəllimə təşəkkür edirəm. İnanıram ki, Foqts sentyabrda keçiriləcək oyunlarda mənə etimad göstərəcək”.