Vaqif Cavadov: Heç vaxt öz oyunumdan razı qalmamışam
01.09.2011 - 13:40
Vaqif Cavadov: Heç vaxt öz oyunumdan razı qalmamışam
“Qarşıdakı 2 oyun çox çətin keçəcək. Yaxşı oynayıb, nəticə qazanmaq istəyirik”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan milli komandasının və Rusiyanın “Volqa” klubunun hücumçusu Vaqif Cavadov deyib.

Avro-2012-nin Belçika ilə sabahkı seçmə oyunu ərəfəsində “Aeroport” otelində keçirilən mətbuat konfransına qatılan Vaqif rəqibin heyətində kifayət qədər güclü futbolçuların yer aldığını deyib: “Belçika millisinin heyətinə cəlb edilən 24 futbolçudan 23-ü Avropanın ən səviyyəli çempionatlarında çıxış edirlər. Bizim üçün daha önəmlisi Qazaxıstanla oyundur. Yığmanın düşərgəsinə uşaqlar hər zaman ürəklə gəlirlər. Azarkeşlərin üzünü güldürməyə çalışacağıq”.

Türkiyə yığması üçün bu oyunun nə dərəcədə önəmli olduğunu anlamaq üçün turnir cədvəlinə diqqət yetirmək kifayətdir. Buna görə də son günlər qardaş ölkə mətbuatı yığmamızı xüsusi stimullaşdırmaq məqsədilə mükafat ayırmağın lazım olduğu fikrindədir. Məsələyə münasibət bildirən Cavadov hər şeydən əvvəl Azərbaycan yığmasını düşünməyin vacibliyini deyib: “Biz özümüzü, yığmamızı fikirləşməliyik. Həm də bu oyunda qələbə qazanmalıyıq ki, Qazaxıstanla matça yaxşı əhval-ruhiyyədə çıxaq”.

Son günlərdə mətbuatdan qaçmasına da aydınlıq gətirən hücumçu formada olub-olmamasını belə izah edib: “Mətbuatdan niyə qaçdığımı hamı bilir. Diqqətimi oyunuma yönəltmişəm. Formada olub-olmadığıma gəldikdə, bunu Rusiya çempionatının oyununu izləyənlər deyə bilər. Mən heç vaxt öz oyunumdan razı qalmamışam”.