“Həmin epizodda qol vuracağıma inanmırdım”
03.09.2011 - 12:44
“Həmin epizodda qol vuracağıma inanmırdım”
“Belçika kimi güclü rəqiblə qarşılaşdığımızı yaxşı bilirdik. Bir xal qazanıb, azarkeşlərimizi sevindirdiyimizə görə şadıq”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının və “Qarabağ” klubunun hücumçusu Rauf Əliyev deyib.

Oyunun qəhrəmanlarından olan futbolçu matçın əsas vaxtının başa çatmasına 4 dəqiqə qalmış qapıya yol tapıb. O, Mahir Şükürovun qapı qarşısına asmasını başla tora göndərməklə, matçın yekun hesabını müəyyənləşdirib. Görüşdən sonra sevincini gizlətməyən forvard sentyabrın 6-da Qazaxıstanla keçiriləcək oyunda azarkeşlərin stadionu doldurmasını istəyib və qələbə sözünü verib: “İnşallah, Qazaxıstanla oyunda azarkeşlərin stadionu dolduracağını gözləyirik. Qazaxıstanla oyunda azarkeşlərimizə qələbə sözü veririk və onları stadiona dəvət edirik”.

Qol epizodu zamanı bir qədər inamsız olduğunu deyən futbolçu sonluğun
ürəkaçan olduğunu bildirib: “Qol epizoduna gəldikdə, bir qədər inamım yox idi. Ancaq hər şey sonda istədiyimiz kimi alındı”.