“Neftçi” qvineyalı futbolçudan imtina etdi
05.09.2011 - 14:50
“Neftçi” qvineyalı futbolçudan imtina etdi
“Neftçi” qvineyalı futbolçu Kanfori Silla ilə anlaşmanı ləğv edib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, buna səbəb 31 yaşlı yarımmüdafiəçinin fiziki durumunun qənaətbəxş olmamasıdır.

Silla flaqmanın məşq proseslərində iştirak etməklə yanaşı, “Neftçi”nin əsas və əvəzedici komandaları arasında sentyabrın 3-də keçirilmiş yoxlama görüşündə də meydana çıxıb. Karyerası ərzində “Şarlerua” (Belçika), “Erqotelis” (Yunanıstan), “Kallitea” (Yunanıstan), “Sivasspor” (Türkiyə), “İstanbulspor” (Türkiyə), “Konyaspor” (Türkiyə) və “Etual de Qvineya” (Qvineya) klublarının şərəfini qoruyan futbolçunun hazırkı fiziki durumu məşqçilər korpusunu qane etməyib. Buna görə də müqavilənin şərtlərinə uyğun olaraq, futbolçu ilə anlaşma ləğv olunub. “Neftçi” sentyabrın 4-dən komandanın məşqlərinə qatılmayan Kanfori Silla ilə yollarını rəsmən ayırıb.

Qeyd edək ki, müqavilənin şərtlərinə görə, oyunçu məşq proseslərində özünü yaxşı tərəfdən göstərəcəyi halda müqavilə avtomatik olaraq qüvvəyə minəcəkdi. “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev bununla bağlı fikirlərini bildirib: “Kanfori Silla yaxşı futbolçu olsa da, fiziki hazırlığı bizi qane etmədi. Fiziki durumunun istənilən səviyyədə olması üçün ən azı 1,5-2 ay müddətinə ehtiyac var ki, bu da “Neftçi”nin hədəflərinə uyğun deyil. Artıq klub rəhbərliyinə raport vermişik və bu haqda müvafiq qərar verilib”.