Yığmamız da, azarkeşlər də “5” istəyir
05.09.2011 - 17:24
Yığmamız da, azarkeşlər də “5” istəyir
Avro-2012-nin seçmə mərhələsinin Qazaxıstanla görüşü millimizin tarixinə 178-ci matç kimi düşəcək. Apasport.az saytının məlumatına görə, tarixi ərzində 177 oyuna çıxan komandamız bu müddətdə 30 qələbə qazanıb, 44 heç-heçə edib və 103 dəfə meydanı başıaşağı tərk edib.

Son 7 qarşılaşmada – Çernoqoriya (0:2), Macarıstan (0:2), Belçikaya (1:4), Qazaxıstan (1:2), Almaniya (1:3) və Makedoniyaya (0:1) uduzan, Belçika ilə heç-heçə (1:1) edən futbolçularımız bu qələbəsiz seriyanı qırmağa çalışacaq. 7 oyunluq seriyanı qırmaq əzmində olan komandamız 1992-ci ildən bu günə qədər 119 dəfə rəqib qapısına yol taparaq 319 dəfə topu öz qapısında görüb.

AÇ-lərin seçmə mərhələlərində 47 oyunda 4 qələbə qazanıb, 6 dəfə heç-heçə edən komandamız 5-ci qələbənin intizarındadır. 37 dəfə məğlub olan komandamızın 25 top vurub, 122-ni buraxdığını da qeyd edək. Komandamız 5-ci, yubiley qələbəsini qazanmalıdır. Ümumilikdə, seçmə mərhələlərdə isə 85 matçın 65-də uduzmuşuq. 7 qələbə və 13 heç-heçəyə sevindiyimiz gelə qarşılaşmalarda 37 top vuran millimiz 196 dəfə qol buraxmasına üzülüb.

Sabahkı matç Azərbaycan yığmasının baş məşqçisi Berti Foqtsun bu postda 39-cu qarşılaşması olacaq. Fasiləsiz olaraq, yığmamızın “sükanı arxası”nda olan almaniyalı 7 qələbə və 10 heç-heçəyə sevinib və 21 dəfə yetirmələrinin üzüntüsünə şərik olub. Bu matçlarda yığmamız 27 qolun sevincini yaşayıbsa, 61 dəfə qapıçımız topu tordan çıxarıb.