Jaba: Bu barədə danışmayacağam
05.09.2011 - 23:01
Jaba: Bu barədə danışmayacağam
“Bakı”nın braziliyalı hücumçusu Jabanın apasport.az saytına müsahibəsi

- Uzun fasilədən sonra “Bakı”ya qayıdışınız barədə nə deyə bilərsiniz?
- Buna ancaq sevinirəm. “Bakı”da futbol oynamaq, inkişaf etmək üçün hər cür şərait var.

- “Bakı”nın əsas və əvəzedici heyətləri arasında keçirilən yoxlama görüşündə ikincilər tərəfdən oynadınız. Hazırda hansı komandanın məşqlərinə qatılırsınız?
- Heç bir komanda ilə hazırlaşmıram. Bazada fərdi planda hazırlaşmaqla fiziki formamı qaydasında saxlayıram. Amma mən əsas heyətin futbolçusuyam.

- Hazırkı vəziyyət nə vaxta kimi davam edəcək?
- Bilmirəm. Amma əsas komandanın məşqlərində və oyunlarında iştirak edəcəyəm.

- Siz komandanın baş məşqçisi Aleksandr Starkov Latviya millisinin düşərgəsində olarkən, “Bakı”ya qayıtdınız. Vaxtilə sizə ehtiyac duymayan baş məşqçinin dönüşünüzdən xəbəri varmı?
- Mənim nə Starkovla, nə də “Bakı” ilə problemim olub. Sadəcə olaraq, FİFA mənim futbol oynamağıma qadağa qoymuşdu. Onlara müəyyən məbləğ ödənilməli idi. İndi FİFA ilə problemi yoluna qoymuşam. Bu mənada, futbol oynamağımda heç bir əngəl qalmayıb. İnanıram ki, qarşıdakı turlarda meydançaya çıxacağam.

- Sirr deyilsə, FİFA-ya nə qədər pul ödədiniz?
- Bu barədə danışmaq istəmirəm.

- Əgər Starkov və ya “Bakı” ilə probleminiz olmayıbsa, niyə “transfer pəncərəsi” açıq olan zaman komanda axtarırdınız?
- Təkrar edirəm, mənim “Bakı” və orada işləyən şəxslərlə problemim olmayıb. Onlar mənə həmişə yüksək səviyyədə qayğı göstəriblər. Klub axtarışı ilə ciddi məşğul olmamışam. Həmişə olduğu kimi, mənə dəvətlər gəlib. Dəvətlər hər zaman var. Amma mənim “Bakı” ilə müqaviləm qüvvədədir. Belə olan halda, başqa klubla necə müqavilə imzalaya bilərəm?

- Aleksandr Starkovun gəlişindən sonra “Bakı”da braziliyalı futbolçuların sayı azalıb. Hazırda sizin mövqeyinizdə isə iki yüksək ödənişli futbolçunun çıxış etdiyini nəzərə alsaq, əsas heyətə dönüşünüz nə dərəcdə realdır?
- Gələcəklə bağlı proqnoz vermək istəmirəm. Mən ən güclü rəqabətin olduğu yerdə belə, həvəsdən düşmürəm. Özümü əsas heyətin üzvü hesab edirəm və yerimi qaytarmaq üçün mübarizə aparacağam.

- Bir müddətdir ki, peşəkar futboldan uzaqsınız. Özünüzü oynamağa hazır sayırsınız?
- Özümü çox yaxşı hiss edirəm. Fikrimcə, qarşıdakı günlərdə hər şey daha yaxşı olacaq.

- Hiss etmirsiniz ki, Azərbaycanda sizə olan maraq azalıb?
- Bu barədə danışmayacağam. Mən əsas suallara cavab verdim.