Yubileylərlə dolu 90 dəqiqə
07.09.2011 - 17:18
Yubileylərlə dolu 90 dəqiqə
Azərbaycan milli komandasının Avro-2012-nin seçmə mərhələsində Qazaxıstanla keçirdiyi oyun hər mənada əlamətdar olub. Apasport.az saytının məlumatına görə, 3:2 hesablı qələbə sayəsində bir sıra rekordlara imza atan millimiz həm də xeyli sayda yubiley qeyd edib.

75-ci uğur
Tarixində 178-ci matçına çıxan komandamız 75-ci dəfə uduzmadı. Hesabında 31 qələbə, 44 heç-heçə olan yığmamız 103 dəfə meydanı başıaşağı tərk edib. Bu matçlaradkı top fərqi 122:321-dir.

5-ci qələbə
AÇ-lərin seçmə mərhələlərində 5-ci qələbə əldə olunub. Avro-1996, 2000, 2004, 2008 və 2012-nin seçmə mərhələlərində mübarizə aparan komandamız 5 seçmə mərhələdə 5-ci dəfə sevinib. Yığmamız buna 48 oyunda nail olub. 6 dəfə heç-heçə edib 37 dəfə məğlub olan komandamız top fərqində də geridədir - 28:124.

Milli 40-a çatdı
Yığmamız seçmə oyunlarında 40-cı qolunu vurub. Ümumilikdə, seçmə mərhələlərdə 86 matça çıxan komandamız 65 dəfə uduzub, 8 qələbə qazanıb və 13 heç-heçə edib. Bu oyunların top fərqi 40:198-dir. Yəni Vaqifin qolu yubiley – 40-cı olub.

Foqtsun 30-cu sevinci
Millimiz baş məşqçi Berti Foqtsun rəhbərliyi altında 30-cu qolunu vurdu. Matçda sonuncu fərqlənən Cavadov almaniyalıya yubiley sevinci bəxş etdi. Belə ki, bu postda 39-cu qarşılaşmasını keçirən almaniyalının 8 qələbə, 10 heç-heçə və 21 məğlubiyyətə şahid olduğu görüşlərdə top fərqi 30:63-dür.