“Onlar oyunu özlərinə sərfəli nəticə ilə başa vurmağa çalışacaqlar” - MÜSAHİBƏ
09.09.2011 - 08:50
“Onlar oyunu özlərinə sərfəli nəticə ilə başa vurmağa çalışacaqlar” - MÜSAHİBƏ
“İnter”in qapıçısı Səlahət Ağayev klubunun rəsmi saytına müsahibə verib. Apasport.az saytının məlumatına görə, qolkiper növbəti turda qarşılşacaqları “Simurq”la matç barədə fikirlərini açıqlayıb və diskvalifikasiya edilmiş Giorgi Lomayanı əvəz etmək şansı haqqında danışıb.

- “İnter” təlim-məşq toplanışı keçirdiyi Gürcüstandan qayıdıb. Lakin siz Azərbaycanın gənclərdən ibarət yığmasına dəvət olunduğundan həmin toplanışda iştirak etmədiniz...
- Bəli, toplanışda iştirak edə bilmədim. O vaxt mən U-21 yığması ilə İngiltərə matçına hazırlaşırdım. Gənclərdən ibarət milli komandaya dəvət almaq mənə xoşdur. Hesab edirəm ki, əsas və ya gənclərdən ibarət milli komandalarda çıxış etməkdən asılı olmayaraq, ölkənin şərəfini qorumaq böyük fəxrdir.

- Qarşıdakı “Simurq”la matç barədə nə düşünürsünüz?
- “Simurq” asan rəqib deyil. Bu komandada yaxşı futbolçular cəmləşib, onların yeni məşqçisi var. Buna görə də, rəqib çox güman ki, oyunu özlərinə sərfəli nəticə ilə başa vurmağa çalışacaq.

- Məlumdur ki, əsas qapıçı Giorgi Lomaya 2 oyunluq diskvalifikasiya edilib. Bu o deməkdir ki, onu ya Dmitri Kramarenko, ya da siz əvəz edəcəksiniz...
- Kaxaber Sxadadze özümü göstərmək üçün mənə şans verərsə, ondan maksimum dərəcədə istifadə etməyə çalışacağam.

- Meydana çıxmağa hazırsınız?
- Hazıram. İstər fiziki, istərsə psixoloji cəhətdən hazıram. Yaxşı formadayam və səbirsizliklə meydana çıxmağı gözləyirəm.

- Yeri gəlmişkən, bu oyun sizin üçün “İnter”in heyətində debüt matç ola bilər...
- Bəli, axı çempionatda “İnter” üçün hələ oynamamışam. Ötən mövsüm MOİK-in heyətində meydana çıxmışam və indi də eyni addımı doğma “İnter”in formasında atmaq istəyirəm.