Samir Əliyev: “Turan”da futbolçular pullarını ala bilmirlər
12.09.2011 - 13:00
Samir Əliyev: “Turan”da futbolçular pullarını ala bilmirlər
“Qəbələ” ilə oyunda meydana çıxmamağımın səbəbi var idi. Belə ki, problemlərim var idi və icazə alıb Bakıya gəlmişdim”. Bu sözləri apasport.az saytına açıqlamasında “Turan”ın hücumçusu Samir Əliyev deyib.

Yayda “Turan”la müqavilə imzalayan forvardın son oyunda meydana çıxmaması maraq doğurmaya bilməzdi. Düzdür, Tovuz təmsilçisi ilə anlaşan vaxt Əliyev formada deyildi. Bunu baş məşqçi Əsgər Abdullayev də açıqlamasında etiraf etmişdi. Ancaq hücumçu komanda ilə məşqlərdə iştirak etdiyini və oynamaq istədiyini vurğulayıb: “Məşqlərdə iştirak edirəm. Oynamaq istəyirəm. Tam formada olmasam da hazırlığımı davam etdirirəm”.

“Qəbələ” ilə oyunu izlədiyini də bildirən yığmanın sabiq hücumçusu komandada maliyyə problemlərinin olduğunu və bunun nəticəyə təsirsiz ötüşmədiyini etiraf edib: “Qəbələ” evdə oynayırdı və güclü komandadır. “Turan”da maliyyə problemi var. Uşaqlar pullarını ala bilmirlər. Buna görə də həvəssiz oynayırlar. Rəhbərlik isə düzələcəyini deyir. Komanda Qəbələyə oyuna da oyun günü yollanmışdı. İstər-istəməz yorğunculuq var idi”.