Mərkəz arenanın açılış tarixi müəyyənləşdi
14.09.2011 - 11:44
Mərkəz arenanın açılış tarixi müəyyənləşdi
“Bildiyiniz kimi, artıq arenada təmirə işlərinə başlanılıb. Yenidənqurma işlərini Koreya tikinti şirkətlərindən biri aparır”. Bu sözləri apasport.az saytına Tofiq Bəhramov adına Respublika stadionunun direktoru Akif İsmayılov deyib.

Dövlət başçısı İlham Əliyevin sərəncamı ilə yenidən qurulan mərkəzi arenada artıq işlərə start verilib. Ayın sonunda tamamilə bağlanacaq ölkənin ən böyük stadionu müasir səviyyədə qurulacaq.

İsmayılovun sözlərinə görə, bu günlərdə 60 illik yubileyi qeyd ediləcək arenanın ot örtüyünün alt hissəsində qızdırıcı sistem quraşdırılacaq: “Paltardəyişmə otaqları sökülüb, yenidən inşa olunacaq. Həmin otaqlar sözsüz ki, əvvəlkindən daha geniş və yaraşıqlı olacaq. Sektorların qapıları dəyişdiriləcək. Stadionun köhnədən qalmış hasarı da yenidən tikiləcək. Əsas və ehtiyat meydançaların ot örtüyü dəyişdiriləcək. Onu da deyim ki, əsas meydanın ot örtüyünün altında qızdırıcı sistem quraşdırılacaq”.

Arena rəhbəri VİP loja ilə bağlı yeniliyin olacağını da qeyd edib: “Sektorların altında yardımçı otaqlar və iaşə obyektləri tikiləcək. Stadionun plastik oturacaqları və pilləkənləri dəyişdiriləcək. Tribunaların üstü bağlı olacaq. 8-10 nəfərlik 10 otaq da (VİP) tikiləcək. Stadionun səs sistemi də yenilənəcək”.

Stadionda aparılan işlər zamanı atletlərin də yaddan çıxmayacağını vurğulayan İsmayılov gələn ilin martında azarkeşlərlə görüşə biləcəklərini istisna etməyib: “Yüngül atletlər də yaddan çıxmayıblar. Onlar üçün qaçış yolları yeniləşəcək. Bir sözlə, SSRİ dövründən qalmış bütün atributlar yeniləşəcək. Bütün bu tikinti işləri altı ay ərzində başa çatmalıdır. Əgər təcili bir iş çıxmasa, gələn ilin martında tamaşaçılarla görüşə bilərik”.