İntizamsızlar
16.09.2011 - 17:50
İntizamsızlar
Azərbaycan Premyer Liqasının VI turu ərəfəsində mövsümün 2 intizamsız oyunçusu var. Apasport.az saytının məlumatına görə, İbrahim Karqbo (“Bakı”) və Tagim Novruzov (“Rəvan”) oynadıqları hər matçda vərəqə alıblar.

İntizamsız legionerlər 5 turun 3-də iştirak etsələr də, intizamsızlar arasında liderdir. Hərçənd, hər ikisinin komandası liderlərdən uzaq olsa da, İbrahimlə Tagim mənfi mənada öndədirlər.

Onların final fiti verilən an meydanı təmiz, vərəqəsiz görən ən azı bu mövsüm olmayıb. Həm Novruzov, həm də Karqbo 2 matçda 1 sarı vərəqə alıb, digərində isə meydandan qovulub.

Legionerlərin qovulması fərqli olub. İbrahim ikinci sarı vərəqənin ardından qırmızı görübsə, Tagim aldığı sarıdan sonra birbaşa qırmızı görüb. Yəni, afrikalı 1-i qırmızı olmaqla 5, rusiyalı isə 1-i qırmızı olmaqla 4 vərəqə ilə cəzalanıb.

Qeyd edək ki, intizamsızların hər ikisi ikili vətəndaşlıq daşıyır. Syerra-Leone yığmasının da sabiq üzvü olan Karqbo həm də Belçika pasportuna sahibdir və bu ölkənin təmsilçisi kimi PFL-ə sifariş olunub.

Tagim isə Dağıstandan, yəni Rusiyadan olsa da artıq neçə illərdir milliləşib və ölkəmizdə bir çox klubları gəzib.