“Elnur Allahverdiyev məni sındırmaq məqsədilə vurdu”
18.09.2011 - 23:01
“Elnur Allahverdiyev məni sındırmaq məqsədilə vurdu”
“Bildiyiniz kimi Elnur Allahverdiyevlə mübarizədə zədə aldım. Oyunun gedişində heç nə hiss etmədim. Odur ki, matçı əvəzlənmədən keçirdim. Amma evə gəldikdən sonra vəziyyətim xeyli dəyişdi. Artıq addım atmaqda çətinlik çəkir, ümumiyyətlə yeriyə bilmirdim”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının və Ağdamın “Qarabağ” klubunun hücumçusu Rauf Əliyev deyib.

Premyer Liqanın VI turunda keçirilən “Qarabağ” – “Xəzər Lənkəran” oyununda zədə alan futbolçu ən azından ay yarım futbol oynaya bilməyəcəyini deyib: “Müayinədən keçdim. Məlum oldu ki, zədəm çox ciddidir. Ən azından ay yarım futbol oynaya bilməyəcəyəm. Əməliyyat olunmayacağım dəqiqdir. Ancaq müalicə yolu ilə zədədən qurtulmağa çalışacağam. Qismət belədir”.

Rauf ona qarşı kobud oynayan Elnur Allahverdiyevdən inciyib. O, vaxtilə bir klubda, hazırda isə milli komandada birgə oynadığı Allahverdiyevi başa düşmədiyini söyləyib: “Elnurun yerində hər hansı bir legioner olsaydı, məni legioner vursaydı bu qədər yanmazdım. Elnurla vaxtilə bir komandada oynamışam. İndi isə milli komandada çiyin-çiyinə mübarizə aparıram. Onun belə etməsi mənə həqiqətən də pis təsir göstərdi. Elnuru sərt futbolçu kimi tanıyırıq.

Amma onun budəfəki məqsədi məni sındırmaq idi. Zədələndikdən sonra mənimlə əlaqə də saxlamayıb. Bu, mənim üçün elə də vacib məsələ deyil. Elnur bu hərəkəti etməzdən öncə hər şeyi götür qoy
etməliydi”.

Qeyd edək ki, “Xəzər Lənkəran” “Qarabağ”ı udmaqla zirvədəki yerini qoruyub.