O klipdən sonra…
20.09.2011 - 11:36
O klipdən sonra…
“Kimin nə deməsi mənim üçün maraqlı deyil. 5-6 nəfərin məsləhətinə qulaq asıb, onların dediklərini nəzərə alıb, addım atıram”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının və “Neftçi” klubun müdafiəçisi Ruslan Abışov deyib.

Sərgilədiyi inamsız oyunla son vaxtlar tənqid hədəfinə çevrilən 24 yaşlı futbolçu ittihamlara cavab verib: “Deyirlər ki, Ruslan şou-biznesdədir. Kim inanırsa, inansın. O klipdən sonra mənim Sevda Yəhyayeva ilə heç bir əlaqəm olmayıb. Ona nə zəng etmişəm, nə də Sevda məni axtarıb. Həqiqətən də, onunla heç bir əlaqəm olmayıb. Mən indi yalnız və yalnız futbol oynamaq barədə düşünürəm”.

Abışov bildirib ki, ünvana gələn tənqidlər vaxtsızdır: “Hər kəsin fikrinə hörmətlə yanaşıram. Mənə tənqidlər vaxtsız ünvanlanıb. Maraqlıdır, niyə çempion olanda demədilər ki, Sevda Ruslanın yaxşı oynamasına mane olur? Dediyim kimi, hər kəsə hörmətim var. Öz oyunumla əvvəlki formamı bərpa edib, hamıya sübut edəcəyəm ki, mən futbol adamıyam, şou-bizneslik işim yoxdur”.

Qeyd edək ki, Ruslan cari mövsümdə əvvəlki kimi etibarlı oyun nümayiş etdirmir. O, hətta Lənkəranda keçirilən “Xəzər Lənkəran” – “Neftçi” görüşündə avtoqol müəllifi olub.