“Space” “Rəvan”ın ev oyununu niyə yayımlamadı?
20.09.2011 - 13:18
“Space” “Rəvan”ın ev oyununu niyə yayımlamadı?
“Bizim “Space” kanalı ilə mövsümün sonuna qədər müqaviləmiz var. Anlaşmaya əsasən, komandamızın ev oyunları bu kanal vasitəsilə yayımlanacaq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Rəvan” klubunun idman direktoru Vladislav Qədirov deyib.

Premyer Liqanın debütantı ev oyunlarının bəziləri “Space” kanalı vasitəsilə yayımlanmasına nail olsa da, hesabat turunda “Sumqayıt Şəhər”lə matçda bunu reallaşdıra bilmədi. Bəziləri bunu komandanın uğursuz çıxış etməsi ilə əlaqələndirdi.

Belə ki, yaxşı nəticə qazanılmadığı üçün klub rəhbərliyi yayımdan imtina etdiyi barədə xəbərlər dolaşır. Lakin Qədirov deyilənlərin əsassız olduğunu, anlaşmanın qüvvədə olduğunu vurğulayıb: “Son oyunda texniki problemlər yarandı. Yəni, stadionda kameralar quraşdırılsa da, siqnalı ötürmək mümkün olmadı. Biz oyun gedə-gedə əlaqə saxlayırdıq ki, görək qarşılaşma yayımlanır, ya yox. Alınmadı. Ancaq oyunu vermək istəyirdilər”.

Qədirov qarşıdakı ev oyunlarının “Space” televiziyasında yayımlanacağını və bu qurumla heç bir problemlərinin olmadığını bildirib.