“Bakı”nın dərdi də var, dərmanı da!
20.09.2011 - 13:57
“Bakı”nın dərdi də var, dərmanı da!
Premyer Liqanın 2011/12 mövsümünün əsas favoritlərindən olan “Bakı” xoşagəlməz seriyaya imza atır. Paytaxt təmsilçisi arxada qalan 6 turda 4 penaltini boşa verib.

Apasport.az saytının araşdırmalarına görə, penalti vura bilməmək dərdi heç də komandanın iddialarına təsir etmir. Bunu “Bakı”nın 7 ildən bir az artıq olan tarixi də təsdiqləyir.

2004-cü ilin yayında adını dəyişib özü üçün yeni dövrə başlayan “zolaqlılar” artıq 7 ildən çoxdur 11 metrlik zərbədən qol vurmağı bacarmır. Lakin bu, onların titulları sıralamağına mane olmur. Son 7 ildə heç bir Azərbaycan klubu “Bakı”dan çox titul sahibi olmayıb. 2 dəfə çempionluq, 2 dəfə kubok qazanan paytaxt təmsilçisi bəlkə də gücünə arxayın olduğundan “ağ nöqtədən” yararlana bilmir. Onlar bu zərbələrsiz də uda biləcəklərini zənn etdikləri üçün 11 metrlikdə “yanırlar”.

Baş məşqçilər də, penalti vuranlar da bir-birini əvəzləsələr də, bu “yanmaq” davam edir, arxayınlıq getmir, səhvlər düzəlmir. Tarixə baxsaq görərik ki, “Bakı” indiyədək 52 dəfə 99 faizlik qol sayılan imkan əldə edib. Bunun isə 1 deyil, 38,5 faizində “yanıb”.

20 qeyri-dəqiq zərbənin yarısı, bütün penaltilərin isə təxminən yarısı çempionatda qeydə alınıb. Buradakı yanlışlıq faizi daha yüksəkdir – 40 faiz.

“Bakı” 7 ildə 4 dəfə oyunsonrası penaltilərdə qüvvəsinin sınayıb ki, yalnız 1 dəfə qalib gəlib. Bu da ötən mövsümün Azərbaycan kubokunun “Muğan”la oyununda yaşanıb – 5:4. 2007-ci ildə “Birlik kuboku”nda Rusiya MOİK-i, İntertoto kubokunda isə Moldova “Daçiya”sının qapıçısı bakılıların bu “şakər”inə sevinib: müvafiq olaraq, 1:3 və 2:3.

Bir il keçməmiş ölkə kubokunun “Qəbələ” ilə oyununda da bakılılar penalti vura bilməməyə görə başını aşağı dikib – 3:4. Bir sözlə, matçdan sonrakı seriyalarda 19 zərbədən 8-i qaçırılıb.

Komandanın 7 ildəki 52 penaltisini isə 26 futbolçu yerinə yetirib. Daim belə zərbə vurmağı axtaran “Bakı” axtarışlarını cari mövsümdə də davam etdirir. Axı 4 zərbənin hərəsini 1 oyunçu vurub. Ümumilikdə isə ən çox penalti vuran millimizin sabiq yarımmüdafiəçisi Andre Ladaqadır. O, 7 dəfə “lənətlənmiş” nöqtəyə yaxınlaşmağa cəsarət edib və fantastik sayda 4 dəfə azarkeşlər tərəfindən lənətə tuş gəlib. Jaba da 1-dən çox – 2 dəfə bu aqibəti yaşayıb.

Lakin bakılıların heyətində penalti vurmağı bacaranlar da olub və indi də var. İndi “Kəpəz” də çıxış edən Ceyhun Sultanov 3 imkanın hamısından yararlanıb. Amma bu da rekord deyil. Komandanın heyətində ən çox səhvsiz penalti vuran futbolçu indinin özündə də “Bakı”da top qovur - Fabio Luis Ramim. O, indiki klubunda vurduğu 4 zərbədə səhvə yol verməyib.

“Bakı”nın penalti dərdinin dərmanı olan yığmamızın milliləşən braziliyalısı indi zədə üzündən meydanlardan kənar qalıb. Böyük ehtimalla qayıdışından sonra Aleksandr Starkov ştat penaltiçisi yerini ona verəcək. Fabio isə yığmada da belə zərbə vurmaq bacarığını göstərib.

Düzdür, 2007/08 mövsümündə oynayarkən onun da qeyri-dəqiq penaltisi olub. Ancaq bu, “Bakı”dan əvvəl olub. İndi isə o klubu üçün “dərman” olmalıdır.

“Bakı”nın vurduğu bütün penaltilər (2004-2011)

futbolçu CəmiçempionatkubokavrokubokBirlik kubokuOyunsonrası seriyalarda
Andre Ladaqa7(4)4(2)1002(2)
Amiran Muciri5(1)30002(1)
Jaba4(2)21(1)01(1)0
Leandro Qomeş4(1)3(1)0001
Fabio Luis Ramim421001
Vadim Vasilyev3(1)2(1)1000
Ceyhun Sultanov312000
Fernando Peres2(1)2(1)0000
Rafael Əmirbəyov2(1)00002(1)
Aleksandar Şoliç2(1)1(1)0001
Marius Suleap1(1)1(1)0000
Tsvetan Çurlinov1(1)00001(1)
Ramal Hüseynov1(1)00001(1)
Elnur Abdullayev1(1)00001(1)
Asen Nikolov1(1)00001(1)
Denis İvanov1(1)1(1)0000
Vilson Junior1(1)1(1)0000
Nurlan Novruzov1(1)1(1)0000
Andrey Ştoltsers110000
Yaşar Abuzərov101000
Samir Musayev100001
Eli Sisse100001
Aleksandr Qoqoberişvili100001
Vaqif Cavadov100001
Leonardo Roşa100001
Anqulo Cefferson100001
CƏMİ: 26 futbolçu52 (20)25(10)7(1)01(1)19(8)
Dəqiq (faizlə)61,560,085,70057,9
Qeyri-dəqiq (faizlə)38,540,014,3010042,1


Qeyd: mötərizədə qolla nəticələnməyən zərbələr göstərilib.