“Bakıdakı dünya çempionatı tarixdə yeni səhifə açacaq” - FOTO
20.09.2011 - 17:24
“Bakıdakı dünya çempionatı tarixdə yeni səhifə açacaq” - FOTO
“Çempionat yaxınlaşdıqca həyəcanımız daha da artır. Olimpiadaya lisenziya almaq üçün Bakıdakı mundiala böyük önəm veririk”. Apasport.az saytının məlumatına görə, bunu Türkiyə Boks Federasiyasının prezidenti Eyüp Gözgec deyib.

O, sentyabrın 22-dən oktyabrın 9-na kmi Bakıda keçiriləcək dünya çempionatı ilə bağlı fikirlərini açıqlayıb. Federasiya rəsmisi bildirib ki, bir neçə gündür Bakıda olan Türkiyə milli komandası misirli həmkarları ilə birgə məşq edir: “Bakıdakı dünya çempionatı tarixdə yeni səhifə açacaq. Bu yarışda iştirakçı sayı rekord qıracaq. 125 ölkədən 800-ə yaxın boksçu mübarizə aparacaq. Belə olan halda isə lisenziya almaq da çətin olacaq. Hazırda yığmamız Bakıda təlim-məşq toplanışındadır. Onlar Misir milli komandası ilə birgə hazırlaşırlar”.

Gözgec deyib ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana dünya çempionatında uğurlu çıxış edəcəklərinə söz verib: “74 milyon türk xalqına 4-5 medal yaraşmır. Biz bunu yaxşı başa düşürük”.

Qeyd edək ki, Türkiyə yığması Bakıya tam heyətlə gəlib.