Rövnəq Abdullayev: Berti Foqtsun taleyi qarşıdakı 2 oyundan asılıdır
20.09.2011 - 18:06
Rövnəq Abdullayev: Berti Foqtsun taleyi qarşıdakı 2 oyundan asılıdır
“Belçika və Qazaxıstanla oyunlarda qazanılan uğurlu nəticələrə görə futbolçulara mükafat veriləcək, ancaq o qədər yox. Futbolçular mükafatdan daha çox özlərini bərpa etmək haqda düşünməlidirlər". Apasport.az saytının məlumatına görə, bu sözləri AFFA prezidenti Rövnəq Abdullayev deyib.

Media nümayəndələri ilə görüşündə jurnalistlərin daha çox mükafatla bağlı suallar verməsinə irad tutan Abdullayev daha sonra Berti Foqtsun gələcək taleyinə münasibət bildirib.

“Foqtsun hələ qarşıda iki sınağı var. Onun taleyi məhz Avstriya və Türkiyə ilə oyunlardan asılıdır. Yalnız bundan sonra Foqtsun komandadakı taleyinə aydınlıq gələcək”.

AFFA prezidenti bildirib ki, əgər uğurlu nəticələr olarsa, Foqts vəzifəsində qalacaq: “Bununla da, 2014-cü il dünya çempionatının seçmə mərhələsi ilə bağlı strategiyamızı müəyyənləşdirəcəyik. Azərbaycan millisinin 2016-cı ildə Fransada keçiriləcək Avropa çempionatında iştirak etmək şansı var. Çünki 2016-cı il Avropa çempionatının final mərhələsində 16 yox, 24 komanda iştirak edəcək”.