“Qapıçı 87-ci dəqiqədə top buraxırsa, baş məşqçinin nə günahı var?”
21.09.2011 - 10:33
“Qapıçı 87-ci dəqiqədə top buraxırsa, baş məşqçinin nə günahı var?”
“İstefa verməyimə bir neçə səbəb vardı. Hiss edirdim ki, müəyyən şeyləri hələ öyrənməliyəm”. Bu sözləri apasport.az saytına açıqlamasında “Rəvan” klubunun sabiq baş məşqçisi Bəhmən Həsənov deyib.

Ötən il “Müğan”ın “sükanı arxası”na gətirilən və bu komanda ilə qazandığı nəticələrlə diqqət mərkəzinə düşən Həsənov cari çempionata “Rəvan”la başladı. Premyer Liqanın debütantı oyun baxımından xoş təsir bağışlasa da, bu sözləri qazanılan nəticələrə aid etmək olmaz.
Çünki yayda heyətini xeyli gücləndirən paytaxt təmsilçisinin aktivində 6 oyundan cəmi 3 xal var.

Qələbə üzünə həsrət qalması “Rəvan” rəhbərliyinin baş məşqçi postunda dəyişiklik etməsi ilə nəticələndi. İstefası ilə bağlı danışan Həsənov son vaxtlar əsəbi olduğunu bildirib: “Son vaxtlar özümü çox əsəbi hiss edirdim. Futbolçulara yerli-yersiz qışqırırdım. Buna görə də bir müddət baş məşqçi postundan ayrılmağa və öyrənməyə qərar verdim”.

Komandasının uğursuz çıxışına gəlincə, Həsənov əsas problemin qapıçı ilə bağlı olduğunu vurğulayıb: “Ötən mövsüm Gəncədə 0:3 hesabı ilə yenildik. Onda qapıçımıza heç bir iradım olmamışdı. Çünki qolların hamısı oyun epizodundan vurulmuşdu. Ancaq cari çempionatın birinci turunda “Kəpəz”in vurduğu qollarda yeni qapıçımızın ciddi səhvləri oldu. Təbii ki, bu da komandanı müəyyən mənada “sındırdı”. Əgər qapıçı 87-ci dəqiqədə top buraxırsa, burda baş məşqçinin nə günahı var? Yenə deyirəm, bizim əsas problemimiz qapıçı ilə bağlı idi”.

İstefa verməsinə rəğmən hələ də klubdakı fəaliyyətini davam etdirəcək Bəhmən Həsənov hansı sahəyə nəzarət edəcəyi də dəqiqləşib: “İdman direktoru vəzifəsini icra edəcəm. Bütün diqqəti əvəzedici komandaya və uşaq futbolunun inkişafına yönəldəcəm”.

Qeyd edək ki, mütəxəssis hazırda B kateqoriyalı məşqçi lisenziyası verən kursda iştirak edir.