“Turan”da qiyam: 2 günə pul verilməsə, legionerlər qaçacaq
21.09.2011 - 11:35
“Turan”da qiyam: 2 günə pul verilməsə, legionerlər qaçacaq
“Turan” klubundakı maliyyə problemləri legionerləri çıxılmaz vəziyyətə salıb. Apasport.az saytının məlumatına görə, qərb təmsilçisinin futbolçuları bu komandanı seçdiklərindən artıq çox peşman olublar.

Belə ki, legionerlərin bəziləri hələ bir həftə bundan öncə vətənlərinə qayıtmaq barədə düşünüblər. Lakin yerli futbolçuların təkidindən sonra onlar Azərbaycanda bir müddət də qalmağa razılıq veriblər.

Elə komandanın dünənki məşqinə çıxmamaq qərarını da öncə legionerlər dəstəkləyiblər. Əgər vəziyyət 2 gün də belə qalsa, həmin futbolçular Azərbaycanı tərk edəcəklər. Ukrayna, Braziliya, Gürcüstandan olan legionerlərə pul verə bilməyən komandanın bu durumu azarkeşlərin də narahatçılığına səbəb olub.

Hadisələrlə yaxından maraqlanmaq istəyən azarkeşlər əsas komandanın bazasında olublar. Fanatlar hətta komandanın baş məşqçisi Əsgər Abdullayevin otağına qədər qalxaraq, öz etirazlarını çılğın şəkildə bildiriblər.

Fəal azarkeşlər Abdullayevdən komandada baş verən qeyri-müəyyənliyin səbəblərini açıqlamağı tələb ediblər. Lakin mütəxəssis onların suallarına tam dolğun cavab verə bilməyib.

Qeyd edək ki, komandada maliyyə məsələsinin yaratdığı problem ən son həddə çatıb. Maaş verilmədiyi üçün məşqə çıxmayan komandanın hərəkəti azarkeşlərin bu yola əl atmasına səbəb olub. Tovuz klubu artıq 3 aya yaxındır transfer etdiyi futbolçulara pul vermir.