Ceyhun Sultanov: Özümə söz vermişəm - MÜSAHİBƏ
21.09.2011 - 11:58
Ceyhun Sultanov: Özümə söz vermişəm - MÜSAHİBƏ
“Kəpəz” klubunun futbolçusu Ceyhun Sultanovun apasport.az saytına müsahibəsi

- “Ayın ən yaxşı futbolçusu” nominasiyasında qalib gəlməyiniz gözlənilməz olmadı ki?
- Əgər hər oyunda meydana çıxıb, yaxşı futbol sərgiləyirsənsə, deməli, gözləyirdim.

- Adətən bizdə futbolçular bu mükafata sahib çıxdıqdan sonra bir müddət it-bata düşürlər. Yenidən bu nominasiyada fərqlənmək məqsədiniz varmı?
- Əsas işim yaxşı oynamaq və komandama faydalı olmaqdır. Bunu bacardıqdan sonra arxası gələcək.

- Ötən il “Gəncə”nin formasını geyinən Samir Zərgərov da mövsümün əvvəlində ayın futbolçusu seçilmişdi. Ancaq sonradan bir müddət zəif oyunu ilə yadda qaldı. Sizin də bu aqibətlə üzləşəcəyinizi gözləmək olarmı?
- Əgər zədələr olmasa, özümə söz vermişəm ki, son 2 ildə itirdiklərimi yenidən qaytarım, əvvəlki Ceyhun Sultanov olum.

- “Kəpəz”da ab-hava necədir?
- Uduzmağımıza baxmayaraq, hər şey normaldır. Qarşıdakı oyunlar haqda düşünürük.

- Komandanın məqsədi nədir?
- Hələlik 6 tur keçirilib. Çempionatda maraqlı oyunlar irəlidədir. Məqsədimiz ilk “altılığ”a düşməkdir. Çətin olacaq, amma öhdəsindən gələ bilərik. Bunu bacarsaq, yüksək yerlər uğrunda da mübarizə aparacağıq.

- Arxada qalan 6 turu necə dəyərləndirirsiniz?
- 3 qələbə qazanıb, 3-də yenildik. “Qarabağ”la oyunda ən azı heç-heçə etmək şansımız var idi. “Simurq”a da uduzmamaq olardı. Qırmızı vərəqə matçın taleyini həll etdi. Ümumi götürdükdə, “Kəpəz” hələlik pis çıxış etmir.

- Səfərdə “Bakı”nı, evdə AZAL-ı məğlub etməyiniz bir qədər gözlənilməz oldu. Bundan sonra hər kəs “Kəpəz”i iddialılar sırasına əlavə etdiyi bir vaxtda “Simurq”a yenildiniz.
- Futbolda belə nəticələrin qeydə alınması normaldır. Bəlkə də bu gün çıxıb “Simurq”la qarşılaşsaq, onları məğlub edərik. Ancaq həmin matçda bəxt bizim tərəfimizdə deyildi. Özümüz də zəif oynadıq.

- Komandada sanki sabitlik çatışmır…
- Ola bilsin, sabit oynamırıq. Öz səhvlərimizdən uduzduq. “Simurq” bizdən açıq-aşkar üstün deyildi. Qapımıza doğru 4 həmlə etdilər, hamısı qolla yekunlaşdı.

- Mövsümün əvvəlində baş məşqçi Mehman Allahverdiyev əsasən müdafiə xəttindən narazılıq edirdi. Üstəlik, bir neçə futbolçunun zədələnməsi işləri çətinə saldı. Bəs son transferlər necə, bu boşluğu doldura bildilərmi?
- “Kəpəz”in əsas problemi müdafiə xətti ilə bağlıdır. Uğursuz nəticələrə görə ancaq arxa xətt oyunçularını günahlandırmıram. Əgər onlar zəif oynayırlarsa, deməli, biz kömək etmirik. Belə baxanda, müdafiə xəttində həm təcrübəli, həm də gənc futbolçular yer alıblar. Amma bir yerə yığışıb müdafiəni gücləndirə bilmirik. Ad baxımından güclü oyunçularımız var. Onlardan Azər Məmmədovu, Muammer Erdoğdunu qeyd edə bilərəm.

- Növbəti turda daha bir paytaxt komandası ilə qarşılaşacaqsınız. Bu oyundan nə gözləyirsiniz?
- “Simurq”la oyunda itirdiyimiz 3 xalı bu matçda kompensasiya etmək istəyirik. Bunu reallaşdırmaq üçün çalışacağıq.

- Yığma komandaya cağırılmamağınla bağlı nə deyə bilərsiniz?
- Millinin baş məşqçisi Berti Foqtsdur. Onun fikrinə hörmətlə yanaşmalıyıq. Hamımız yığma üçün çalışırıq. Əlbəttə, yığmada oynamaq istəyirəm. Amma son qərarı baş məşqçi verir.

- Dövrələrarası fasilədə komandanı dəyişməyi düşünmürsünüz?
- Hələ “Kəpəz”in oyunçusuyam. Bu komandadan ayrılmaq fikrim yoxdur. Yenə deyirəm, son iki ildə itirdiklərimi burda bərpa etmək və karyeramı “Kəpəz” də bitirmək istəyirəm.

- Konkret “Bakı”dan təklif aldığınız deyilir...
- Bu haqda hələ danışmaq istəmirəm. Bir müddət fikirləşmək lazımdır.