14 pilləlik sıçrayış: Milli komandamız “yüzlüy”ə qayıtdı
21.09.2011 - 12:14
14 pilləlik sıçrayış: Milli komandamız “yüzlüy”ə qayıtdı
FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, ötən ayla müqayisədə 14 pillə irəliləyən Azərbaycan yığması 359 xalla 98-ci mövqedə qərarlaşıb.

Komandamız bu sıçrayışa Avro-2012-nin seçmə mərhələsinin son 2 oyunu sayəsində nail olub. Belçika (1:1) və Qazaxıstanla (3:2) keçirdiyi oyunlarda futbolçularımızın ümumilikdə 4 xal toplayaraq, qrupdakı xal ehtiyatını 7-yə çatdırması reytinqdə də əksini tapıb.

Reytinqə yenidən zirvəni ələ keçirən İspaniya yığması başçılıq edir – 1605 xal. 1-ci yeri dünya və Avropa çempionlarına təhvil verən Hollandiya millisi isə 2-ci yerdə qərarlaşıb. Avro-2012-nin seçmə mərhələsində Azərbaycan yığması ilə eyni qrupda yer alan Almaniya isə 1290 xalla yenə üçüncüdür.

Rəqiblərimizdən yalnız Belçika irəliləyişə nail olub. Millimizin büdrətdiyi “qırmızı iblislər”
729 xalla 3 pillə yüksələrək 34-cü olublar. Məğlub etdiyimiz Qazaxıstan isə 198 xalla daha 5 pillə aşağı yuvarlanıb 131-ci mövqeyə düşüb.

Gələn ay qarşılaşacağımız Avstriya və Türkiyə isə geriləyiblər. Türkiyə 754 xalla 24-cü pillədən 27-yə qədər aşağı düşüb. Qrup 4-cülüyü uğrunda mübarizə apardığımız Avstriya isə 442 xalla 77-cidir. Onlar son 1 ayda 9 pillə geriləyiblər.

Noyabrın 11-də yoxlama oyununda görüşəcəyimiz Albaniya isə son 1 ayda ən çox aşağı yuvarlananlardan biridir. 474 xala malik rəqibimiz 14 pillə geriləyərək 71-ci mövqedə qərarlaşıb.

Qeyd edək ki, növbəti reytinq cədvəli oktyabrın 19-da açıqlanacaq.