“Pulumuzu almasaq, “Rəvan”la oyuna çıxmayacağıq”
21.09.2011 - 13:42
“Pulumuzu almasaq, “Rəvan”la oyuna çıxmayacağıq”
“Dünən və bu gün səhər məşqinə çıxmamışıq. Bu gedişlə axşam məşqini də buraxacağıq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Turan” klubunun yarımmüdafiəçisi Ramal Hüseynov deyib.

Başı dərddən açılmayan “Turan” yenidən maliyyə problemi ilə üzləşib. Bir müddətdir futbolçular maaşlarının ödənməsini tələb etsələr də, rəhbərlik hər dəfə fərqli tarix göstərməklə onların məşqləri buraxmamağına çalışırdı. Artıq 2 gündür futbolçular meydana çıxmayaraq, qərarlarında qəti olduqlarını ortaya qoyublar: “Uşaqlar hamısı Tovuzdadır. Heç kim heç yana getməyib. Maaşımızı gözləyirik, başqa əlacımız yoxdur. Pul verilməsə, meydana çıxmayacağıq”.

Hüseynovun sözlərinə görə, klub rəhbərliyi futbolçulara pulların bu həftə ödəniləcəyi ilə bağlı söz verib. Ancaq hələlik heç bir irəliləyiş yoxdur: “Maaşımızı ala bilmirik. Rəhbərlik həftəsonuna qədər pulu ödəyəcəyini demişdi. Artıq bezmişik”.

Sentyabrın 23-də Premyer Liqanın VII turunda “Rəvan”ı qəbul edəcək “Turan” meydana çıxmaya bilər. Futbolçu pullarını almayacaqları təqdirdə, bu addımı da atacaqlarını gizlətməyib: “Rəvan”la oyun necə olacaq ki? Maaşımızı almasaq, meydana çıxmayacağıq. Qərarımız qətidir”.