Elxan Məmmədov: Kiprlə oynamaq üçün ilk razılıq əldə olunub - YENİLƏNİB
22.09.2011 - 15:04
Elxan Məmmədov: Kiprlə oynamaq üçün ilk razılıq əldə olunub - YENİLƏNİB
Azərbaycan milli komandasının daha bir rəqibinin adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, Berti Foqtsun yetirmələri 2011-ci ildə son oyununu Kipr yığmasına qarşı keçirəcək.

Oktyabrda Avro-2012-nin seçmə mərhələsində Avstriya və Türkiyə ilə görüşəcək yığmamız noyabrdakı FİFA pəncərələrində yoxlama oyunlarında qüvvəsini sınayacaq. Noyabrın 11-də Albaniyanın qonağı olacaq komandamız oradan birbaşa Kiprə yola düşəcək. Bu komanda ilə matç isə ayın 15-də baş tutacaq.

Məsələ ilə bağlı AFFA-nın baş katibi Elxan Məmmədovla əlaqə saxladıq. Hazırda Kiprdə olan assosiasiya rəsmisi bildirib ki, yoxlama oyunu üçün bir neçə federasiya ilə bağlı danışıqlar aparılır: “Demək olar ki, Kipr Futbol Assosiasiyası ilə danışıqlarımız yekunlaşıb. Onlarla yoldaşlıq oyunu haqda ilkin razılıq əldə etmişik. Məsələnin tam rəsmiləşməsi isə yaxın günlərdə gerçəkləşəcək”.