Qurban Qurbanov “Barselona”nın düşərgəsinə gedir
22.09.2011 - 15:22
Qurban Qurbanov “Barselona”nın düşərgəsinə gedir
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov növbəti səfərə hazırlaşır. Bu barədə apasport.az saytına məlumat verən gənc mütəxəssis bildirib ki, indi də “Barselona”nın düşərgəsinə yollanacaq.

“Bildiyiniz kimi, bir müddət öncə Dortmund “Borussiya”sının düşərgəsinə getmişdim. Kifayət qədər yeni terminlərlə tanış oldum. Qərara aldım ki, bu cür praktikaları yenə davam etdirim. Fikrim var ki, “Barselona”nın düşərgəsinə də gedim” – deyə, Qurbanov bildirib.

O, həmçinin qeyd edib ki, səfəri dekabrda reallaşa bilər: “Çalışırıq ki, səfər həm bizim, həm də “Barselona” üçün uyğun bir vaxtda təşkil olunsun. Böyük ehtimalla bu işi növbəti ilə qoymayacağam. Dekabrda Kataloniyaya yollanmaq ehtimalım olduqca çoxdur”.

Dünya şöhrətli “Barselona”ya Qurbanovdan 1 yaş böyük 40 yaşlı Xosep Qvardiola rəhbərlik edir.

Qeyd edək ki, Qurbanov indiyədək “Qalatasaray”ın sabiq baş məşqçisi Frank Raykaard və “Borussiya”nın çalışdırıcısı Yürgen Kloopun təcrübəsindən yararlanıb.