Şəhriyar Rəhimov: Görüşə ancaq qələbə əzmi ilə çıxacağıq
22.09.2011 - 17:14
Şəhriyar Rəhimov: Görüşə ancaq qələbə əzmi ilə çıxacağıq
“Bu turda əsas rəqiblərimiz və çempionluğa əsas namizədlər bir-biri ilə qarşılaşacaqlar. Biz də “Kəpəz”i məğlub edərək, həm xal ehtiyatımızı yüksəltmək, həm mövqeyimizi yaxşılaşdırmaq, həm də liderlərə yaxınlaşmaq istəyirik”. Apasport.az saytının məlumatına görə, bunu “İnter”in gənc futbolçusu Şəhriyar Rəhimov deyib.

O, klubunun rəsmi saytına açıqlamasında VII turda qarşılaşacaqları “Kəpəz”lə oyuna münasibət bildirib: “Bu görüşə ancaq qələbə əzmi ilə çıxacağıq. Hər zaman olduğu kimi yaxşı hazırlaşırıq. Məşq edirik və məşqçinin tapşırıqlarını yerinə yetiririk. İnşallah, oyuna tam hazır olacağıq”.
Rəhimovun sözlərinə görə, turlar ötdükcə komandası daha da yaxşı oynayacaq: “Biz irəlidə daha yaxşı oynaya bilərik. Ona görə ki, futbolçular bir yerdə nə qədər çox oyun keçirərlərsə, o qədər də onlar arasında olan anlayış artır. Gələcəkdə biz daha məzmunlu və daha gözəl futbol sərgiləyə bilərik”.

Qeyd edək ki, “İnter” – “Kəpəz” matçı sentyabrın 24-də keçiriləcək.