Ağasəlim Mircavadovdan sərt cavab: Onlar vicdansızdırlar
22.09.2011 - 17:44
Ağasəlim Mircavadovdan sərt cavab: Onlar vicdansızdırlar
“Mən həmişə istefanın əleyhinə olmuşam. Azarkeşləri Qurban Qurbanov əleyhinə öyrətdiyimi, “istefa” şüarlarının mənim təşkil etdiyimi iddia edənlər belə vicdansız söhbətlərdən əl çəksinlər”. Bunu Lent.az-a açıqlamasında 14 aydır, işsiz olan təcrübəli mütəxəssis Ağasəlim Mircavadov deyib.

Mircavadov bildirib ki, Premyer Liqanın VI turunda “Xəzər Lənkəran”la oyun zamanı “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov əleyhinə səslənən “istefa” şüarlarından xəbərsizdir, ümumiyyətlə, həmin şüarları səsləndirənləri tanımır. 64 yaşlı mütəxəssis bir müddətdir, stadionlara getmədiyini və Azərbaycan çempionatının oyunlarına baxmadığını da əlavə edib.

Qeyd edək ki, “Qarabağ”ın “Xəzər Lənkəran”a 0:1 hesabı ilə uduzduğu görüşün ikinci hissəsində Ağdam komandasının tərəfdarlarının yer aldığı sektordan baş məşqçi Qurban Qurbanov əleyhinə “istefa” şüarları səsləndirilib. Qurbanovun özü həmin qrupun öyrədilmiş adamlardan ibarət olduğunu açıqlayıb.

O, konkret ad çəkməsə də, Ağdam klubuna yaxın qaynaqlar “istefa” şüarı səsləyənlərin arxasında Ağasəlim Mircavadovun durduğunu iddia edir.