UEFA Azərbaycan hakimlərinin təhsilinə pul ayırır
23.09.2011 - 08:31
UEFA Azərbaycan hakimlərinin təhsilinə pul ayırır
UEFA-nın İcraiyyə Komitəsinin Kiprin Limasol şəhərində keçirilən yığıncağında bir sıra qərarlar qəbul olunub. Apasport.az saytının məlumatına görə, Avropa futbol qurumunun qərarlarından biri Azərbaycanla bağlı olub.

Belə ki, İcraiyyə Komitəsi daha 4 ölkənin UEFA-nın hakimlərin təhsili ilə bağlı konvensiyasına qəbulunu təsdiqləyib. Referilərin təhsilinin zəruri olduğu bu 4 ölkə Azərbaycan, San-Marino, Bolqarıstan və Xorvatiyadır. Bu konvensiyanın müddəti də uzadılıb və 2015/16 mövsümünədək davam edəcək.

Konvensiyaya üzv olan 47 ölkədən hər biri bura qoşulan kimi 100 min avro alır. Bundan sonra isə UEFA həmin ölkələrdə hakimlərin səviyyəsinin artması üçün hər il də 100 min avro ödəyir.