Elvin Məmmədov: Ən pis halda, meydandan xalla ayrılmalıyıq
23.09.2011 - 12:56
Elvin Məmmədov: Ən pis halda, meydandan xalla ayrılmalıyıq
“Hazırda bərpa prosesi keçirəm. Səhər fərdi, axşamlar isə komanda ilə birgə məşq edirəm”. Bu sözləri apasport.az saytına açıqlamasında “Bakı”nın yarımmüdafiəçisi Elvin Məmmədov deyib.

Avqustda “Dalğa Arena”da millimizin Makedoniya ilə yoldaşlıq matçında zədələnən futbolçu gələn həftədən etibarən komandasına kömək etmək niyyətindədir. Əslində, Məmmədov Premyer Liqanın VII turunun “Neftçi” ilə oyununda adının “18-liy”ə salınmasını istəsə də, məşqçilər buna razılıq verməyib: “Bu tur oynamaq olardı. Ancaq məşqçilər riskə getmədilər, bir həftə də gözləməyimi istədilər. Həkimlər təxminən 1 ay müddətinə sağalacağımı bildirmişdilər. İndi 10 günlük bərpa prosesini keçirəm. Gələn həftədən əsas komanda ilə tam məşq edəcəm”.

Özünü hazır sayan millinin futbolçusu tam formaya düşmək üçün mütəmadi oynamalı olduğunu düşünür: “Məşqlə oyunun yükləməsi eyni olmur. Ona görə də formamı oyundan-oyuna artıra bilərəm. Məşqlə, bu düzələsi deyil”.

23 yaşlı futbolçu bu gün keçiriləcək “Neftçi” – “Bakı” matçı ilə bağlı da fikirlərini də bildirib: “Çətin olacaq. Ən pis halda, meydandan xalla ayrılmalıyıq. Uduzmaqdansa, 1 xal qazanmaq pis deyil”.