“Rəvan”ın ilk qələbəsinin özəllikləri
24.09.2011 - 14:16
“Rəvan”ın ilk qələbəsinin özəllikləri
“Rəvan” Premyer Liqada ilk qələbəsini 48 gün gözləməli oldu. Apasport.az saytının məlumatına görə, yubiley (XX) milli çempionatımızın açılış oyununun - avqustun 6-da Gəncədə “Kəpəz”lə səfər matçının (2:3) iştirakçısı olan debütant VII tur çərçivəsində dünən 3 xal qazandı.

Yenə Qərb bölgəsinə səfər edən bakılılar “Turan”la Tovuzdakı matçı 1:0 hesablı qələbə ilə başa vurdular. Bunu isə reallaşdırmaq “Rəvan”ın köhnə-yeni baş məşqçisi Vladislav Qədirova qismət oldu. Komandanın güclülər dəstəsində ilk çalışdırıcısı kimi tarixə düşən Bəhmən Həsənov arxada qalan 6 matçda 2 xal qazandı və ötən turda “Sumqayıt Şəhər”lə ev oyununda qolsuz bərabərlikdən sonra istefa verdi.

“Rəvan” Qədirovla Premyer Liqaya çıxdığından, ilk qələbəsini də məhz onunla qazanması diqqətçəkən məqamdır. Düzdür, 41 yaşlı çalışdırıcının I divizionda rəhbərliyi altında oynayan futbolçulardan komandada demək olar heç kim qalmayıb. “Rəvan” tarixində növbəti – 31-ci qələbəsini 131 gündən sonra qazandı. Komanda ötən mövsümü mayın 15-də daha bir Qərb təmsilçisi – Qazaxın “Göyəzən” klubu ilə ev oyununda 2:1 hesablı qələbə ilə başa vurmuşdu.

Futbolçu kimi SSRİ-nin yeniyetmələrdən ibarət yığmasının heyətində dünya çempionu olan Qədirovun qələbəsi “Turan”dakı həmkarı Əsgər Abdullayevə baha başa gəldi. Belə ki, onunla 80-ci illərdə “Neftçi”də komanda yoldaşı olmuş Abdullayev ilk ev məğlubiyyətindən sonra istefa verdi. Debütant topladığı xallara (6) görə Tovuz klubuna çatdı və şəxsi oyunda üstünlüyü hesabına onu turnir cədvəlində qabaqladı.

Qeyd edək ki, “Rəvan” I divizionda 26 oyundan 60 xal toplayaraq, 2-ci pillənin sahibi kimi Premyer Liqaya vəsiqə qazandı.