Azərbaycan futbolunda daha bir kobud hakim səhvi
27.09.2011 - 12:20
Azərbaycan futbolunda daha bir kobud hakim səhvi
AFFA-nın İntizam Komitəsi azərbaycanlı futbol hakimlərinin buraxdığı səhvləri təmizləməkdə davam edir. Apasport.az saytının məlumatına görə, ötən həftə 3 vərəqənin səhvən göstərildiyini aşkara çıxaran qurum bu gün də referilərin əməlləri ilə məşğul olub.

Belə ki, Azərbaycan çempionatının I divizionunun III turunun “Şuşa” – “Lokomotiv” matçında yaşananları nəzərdən keçirərkən, hakim qüsuru üzə çıxıb. Matçın protokolunda oyunun 85-ci dəqiqəsində “Şuşa” klubunun futbolçusu Orxan Lalayevin kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı göstərilib.

Lakin matçın video yazısını izlədikdə futbolçuya göstərilən qırmızı vərəqənin əsassız olduğu sübut olunub. Bu faktı oyunun hakim-inspektoru da öz raportunda əks etdirib. Bu səbəbdən də futbolçuya göstərilən vərəqə ləğv edilib.

Qeyd edək ki, bu matçı Xəlil Hüseynli idarə edib.