Əmrə millimizlə oyun üçün qorunur
27.09.2011 - 13:02
Əmrə millimizlə oyun üçün qorunur
Türkiyə millisinin kapitanı Əmrə Belözoğlu Azərbaycan yığması ilə rəsmi oyuna qorunur. Apasport.az saytının məlumatına görə, 31 yaşlı yarımmüdafiəçinin “ay-ulduzlular”ın Avro-2012-in seçmə mərhələsində son 2 görüşünə - İstanbulda Almaniya və millimizlə həlledici matçlara hazır olmasına çalışırlar.

Əmrə millinin təlim-məşq toplanışında zədələndikdən sonra xeyli vaxtdır oynamır və edilən müalicələr nəticəsində bu həftə sonu meydana çıxa biləcək. Bu, “Fənərbaxça”nın heyətində Superliqa oyunu olsa da, baş məşqçi Aykut Kocamanın qərarı bizlərin də diqqətini çəkib.

Belə ki, Kocaman Belözoğlunu tam sağalmadan meydana buraxmayacağını bildirib. Əmrənin heyətdə olmamağı mütəxəssisi nə qədər sıxsa da, milli oyunçu ilə bağlı riskə getmək fikrində deyil. O, bu qərarını təcrübəli futbolçunun zədəsinin ciddi duruma gəlməyi ilə bağlı narahatçılıqla əlaqələndirir.

Qeyd edək ki, Əmrə millimizə ötən ilin oktyabrında Bakıda uduzduqları (0:1) rəsmi oyundan dərhal sonra yığma karyerasını bitirməsindən söz saldı. O, bunu cari seçmə mərhələdən sonra etmək fikrində olduğunu açıqlamışdı. “Ay-ulduzlular”ın cari seçmə mərhələyə oktyabrın 11-də məhz yığmamızla “Türk Telekom Arena”dakı görüşlə yekun vuracağını nəzərə alsaq, Belözoğlunu uzun illər şərəfini qoruduğu, dünya və Avropa çempionatının bürünc medal qazandığı komandadan məhz biz yola salacağıq.