Millimizin legioneri: Bu, lap ağlasığmaz bir hadisədir
27.09.2011 - 15:18
Millimizin legioneri: Bu, lap ağlasığmaz bir hadisədir
“Bu, lap ağlasığmaz bir hadisədir. Belə olacağı, heç yuxuma da girməzdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri 17 yaşadək qızlardan ibarət Azərbaycan millisinin futbolçusu Süheyla İlter deyib.

Berlinin “Türkiyemspor” klubunun şərəfini qoruyub, Azərbaycan yığması üçün milliləşən 4 gənc istedad - Sinem Solmaz, Lara Vaqner, Vivien Eda Hillebrand və Süheyla İltem Almaniya mətbuatının diqqətindən kənarda qalmayıb.

Həmkarlarımız bu haqda xüsusi yazı hazırlayıb. Maraqlıdır ki, həmin 4 legionerdən Süheyla istisna olmaqla, üçünün adı AFFA-nın bu gün açıqladığı 17 nəfərlik heyətə salınıb. 18-ci yeri hələlik boş saxlayan baş məşqçi Sissi Rayt daha bir alman türkü Melis Sarıaltına da komandasında yer verib.

İlter isə ya 18-ci olduğundan, ya da elə ad-soyadını Melis Sarıaltına dəyişdiyindən Almaniya mətbuatına açıqlama verib: “Soy-kökümüz Azərbaycandan Almaniyaya köçüb. Yığmanın düşərgəsinə bu ilin yanvarında qoşuldum. Onlarla eyni dildə danışdığımızdan, yaxşı anlaşırdıq. Azərbaycan dilini yaxşı bilməsəm də, türkcə anlaşırdıq”.

Süheylanın anası İşıq İlter də baş verənləri gözlənilməz sayır. O, övladının gələn il Bakıda keçiriləcək dünya çempionatında oynamasına məmnundur: “Bu, lap nağıla bənzəyir. Biz Sissi Raytla görüşəndə, nağılın reallığa çevrildiyinə əmin olduq”.

Süheyla isə Bakıda gördüklərindən razı qalıb: “Yayda Bakıda oldum. Müasir Bakı öz gözəlliyi ilə məni heyrətə gətirdi. Dədə-baba yurduna qədəm basmaqdan şad oldum. Valideynlərim də Bakıya gəlib, oyunlarımı izləmək istəyir”.