Leonardo Roşa: AZAL-a daha çox qol vura bilərdik
27.09.2011 - 15:40
Leonardo Roşa: AZAL-a daha çox qol vura bilərdik
“İlk növbədə bizim üçün 3 xal vacib idi. Son oyunlarda xal itirdiyimizə görə qələbə qazanmaq istəyirdik”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Qarabağ”ın son transferi Leonardo Roşa deyib.

Premyer Liqanın ötən turunda AZAL-la səfər oyununa bir sıra itkilərlə çıxan “Qarabağ”ın əsas problemi hücum xəttində idi. Belə ki, Rauf Əliyev zədələndiyindən, onu irəlidə Roşa əvəzləyirdi. Bununla da 26 yaşlı braziliyalı yarımmüdafiəçi ilk dəfə “Qarabağ”ın start heyətində meydana çıxırdı.

Leonardo Şüvəlanda 3:1 hesabı qalib gəldikləri matçda həm komandasının, həm də öz oyununu dəyərləndirib: “Oyunun startında qol buraxsaq da, tədricən toparlandıq və 3 qol vura bildik. Daha da çox vura bilərdik. Bu oyun bizə psixoloji cəhətdən faydalı oldu. Deməzdim ki, hələ tam hazıram. Hələ zamana ehtiyacım var”.

Roşa həmçinin “Qarabağ”da çıxış edən ilk braziliyalı kimi də tarixə düşüb: “Bundan xəbərim yox idi. Belə baxanda, bu, mənə təəccüblü gəldi. Çünki braziliyalılar demək olar dünyanın hər yerində futbol oynayırlar. Əslində, bu fakt məndə əlavə məsuliyyət yaradır. Çalışacağam ki, öz oyunumla inamı doğruldum”.

Roşa “Qarabağ”ın tezliklə zirvəyə yüksələcəyinə inanır: “Bilirəm ki, “Qarabağ”ın yüksək hədəfləri var. Çox mehriban kollektivimiz var. Hamı futbolu düşünür. Biz oynadıqca məğlub etməyəcəyimiz komanda yoxdur. Azarkeşlərimiz bizi dəstəklədikcə özümüzə daha da inam gələcək”.