Vaqif Cavadov: Dirək və tirlər mənə mane olur - MÜSAHİBƏ
29.09.2011 - 16:42
Vaqif Cavadov: Dirək və tirlər mənə mane olur - MÜSAHİBƏ
Azərbaycan yığmasının futbolçusu Vaqif Cavadov şərəfini qoruduğu “Volqa” klubunun rəsmi saytına müsahibə verib. Apasport.az saytının məlumatına görə, 22 yaşlı hücumçu Rusiya Premyer Liqasının növbəti turunda “Amkar”la oyun və yeni komandasında qol hesabını açmaq haqda danışıb.

- “Amkar”la matça necə köklənmisiniz?
- Yaxşı, döyüşkən. Bütün komanda yoldaşlarım kimi, qarşıdakı görüşlərin 6 xal uğrunda mübarizə olduğunu başa düşürəm. Qələbə komandaların hər birinə heç vaxt olmadığı kimi vacibdir. Azarkeşlərə söz veririk ki, bütün 90 dəqiqə boyu hər oyun epizodu uğrunda mübarizə aparacağıq.

- Moskva komandaları ilə axırıncı 2 görüşdən sonra necə bərpa oluna bilmisiniz?
- Həmin qarşılaşmalar çox çətin idi. Ancaq çətin oyunların bir-birinin ardınca gəlməsinə baxmayaraq, biz belə ritmdən uzaqlaşa bildik. Yeganə mənfi cəhət heyətdə elə də böyük olmayan itkilərdir.

- Özünüzü necə hiss edirsiniz?
- Bütün ağrılardan xilas olmuşam və özümü yaxşı hiss edirəm. Fikrimcə, vəziyyətim meydanda 90 dəqiqənin hamısını keçirməyə imkan verir.

- Rəqib haqda nə bilirsiniz?
- Əsas xəbər rəqibin baş məşqçisi Rəşid Rəhimovun istefa verməsidir. Məşqçinin dəyişməsi həmişə futbolçuların motivasiyasına təsir edir. Fikrimcə, “Amkar”ın futbolçuları ikiqat əzmlə oynayacaqlar.

- Əvvəlki 6 xal adlandırılan “Rostov”, Nalçik “Spartak”ı ilə oyunlarda azarkeşləri parlaq və baxımlı futbolla sevindirə bilmədiniz. Bu dəfə azarkeşlər komandanızdan hansı oyunu gözləyə bilər?
- Fikrimcə, mübariz oyun olacaq. Biz azarkeşləri hücumda yaradıcı oyunla sevindirməyə çalışacağıq. Yəqin ki, qonaqlar müdafiəyə üstünlük verəcəklər. İnanıram ki, 90 dəqiqədən sonra qələbəni məhz bizim azarkeşlər bayram edəcəklər.

- “Spartak”la qarşılşmada qapı tirini nişan aldınız. Sizdən nə vaxt qol gözləyək?
- Bəli, hələlik mənə dirək və tirlər mane olur (gülür). Fikrimcə, bu məsələni II dövrənin sonunadək həll edəcəyik. Növbəti oyunlarda qol vurmağa çalışacağam.

- “Spartak”la kubok mübarizəsində penalti zərbəsini dəqiq yerinə yetirdiniz. Özü də orijinal yolla. Gözəl zərbə ilə qapının mərkəzini nişan aldınız. Belə zərbə vurmağı əvvəldən planlaşdırmışdınız?
- Əvvəldən qərara almışdım və zərbəni texniki cəhətdən məhz istədiyim kimi yerinə yetirdim.

- Məşqçi buna görə sizi söymədi?
- Yox. Axı, top torda idi (gülür).

- Belə demək olar ki, artıq Rusiya Premyer Liqasına uyğunlaşmısınız?
- Yetərincə. Bunu azarkeşlər və mütəxəssislər də deyə bilər. Ancaq həqiqətən də burada özümü yaxşı hiss edirəm. Hər tur, hər oyun mənə özünəinam gətirir.