“Problemin Bakıdakı oyunadək həll olunacağına inanmıram”
29.09.2011 - 16:47
“Problemin Bakıdakı oyunadək həll olunacağına inanmıram”
Azərbaycan millisinin Avro-2012-in seçmə mərhələsində rəqibi olan Avstriya yığmasında baş məşqçi məsələsi ilə bağlı qeyri-müəyyənlik davam edir. Apasport.az saytının məlumatına görə, cari seçmə mərhələnin bitməsini gözləmədən istefa verən Didi Kostantininin xələfinin artıq gələn həftə dəqiqləşə biləcəyi deyilir. Bu, reallaşarsa, avstriyalılar yeni baş məşqçinin rəhbərliyi altında paytaxtımıza gələcək.

Hələlik komandanı çalışdırmağı tapşırılan Villi Ruttensteyner maraqlı açıqlama ilə diqqət çəkib: “Mən vəzifəmdən dərhal getməyə hazıram. Əgər kimsə komandanı götürmək istəyirsə, baş məşqçi postunu ona təhvil verə bilərəm. Mənim gələcəkdə yığmanın baş məşqçisi olmaq ambisiyam yoxdur. Hərçənd, federasiya rəhbərliyi mənə güvənir”.

Avstriya Futbol Federasiyasında idman direktoru postunu tutan Ruttenşteyner baş məşqçi məsələsini həll edilməyənə kimi rəhbərliyini etimadını doğrultmalıdır: “Azərbaycan və Qazaxıstanla səfər oyunlarında ehtiyat oyunçular skamyasında yer alacağımı düşünürəm. Kim bilir, bəlkə həmin vaxta kimi baş məşqçi məsələsi həll edildi, yaxud bunun əksi oldu? Şəxsən mən problemin Bakıdakı oyunadək həll olunacağına inanmıram”.

Qeyd edək ki, Azərbaycan – Avstriya oyunu oktyabrın 7-də “Dalğa Arena”da keçiriləcək.