Vladislav Qədirov: Bu, komandamız üçün çox böyük faktordur
02.10.2011 - 23:01
Vladislav Qədirov: Bu, komandamız üçün çox böyük faktordur
“Yığma komandanın oyunları ilə əlaqədar çempionatda fasilə yaranacaq. Fürsətdən istifadə edib, futbolçuları qısamüddətli istirahətə buraxmışıq. Oktyabrın 5-də bir araya gəlib, növbəti oyunların hazırlığına başlayacağıq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Rəvan” klubunun baş məşqçisi Vladislav Qədirov deyib.

İlk 6 turda qələbə üzünə həsrət qalan debütant Qədirovun gəlişindən sonra ardıcıl 2 səfər oyununda qələbəyə sevinib. Gənc mütəxəssisin fikrincə, səfər oyununda qalib gəlmək böyük göstəricidir: “Sevinirik ki, komanda ardıcıl 2 oyunda səfərdə qələbə qazanıb. Biz inam nəticəsində bunu bacardıq. Son oyunda bəzi dəyişikliklərə əl atdım. Hüseyn İsgəndərovun oynaması məncə xeyrimizə işlədi. Biz yolumuza davam etməliyik”.

Gənc mütəxəssis bu qələbələr sayəsində kollektivdə özünəinam hissinin formalaşdığını deyib: “Futbolçuların çıxışı normaldır. Onlardakı psixoloji gərginliyi aradan qaldırdıq. Bu, komanda üçün çox böyük faktordur. Fikrimcə, biz qələbəyə layiq oyunlar nümayiş etdirməyə başlamışıq”.

Qeyd edək ki, Vladislav Qədirov “Rəvan”ın baş məşqçisi postunda Bəhmən Həsənovu əvəzləyib.