Əfran İsmayılov: Bu söhbəti bağladıq
04.10.2011 - 12:07
Əfran İsmayılov: Bu söhbəti bağladıq
“Artıq məşq proseslərinin bütün mərhələlərinə qatılıram. Böyük ehtimalla, Avstriya və Türkiyə ilə görüşlərdə meydana çıxacağam. Güclü hazırlıq gedir, səylə hazırlaşırıq”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının və “Qarabağ” klubunun yarımmüdafiəçisi Əfran İsmayılov deyib.

Premyer Liqanın VI turunda “Qarabağ” - “Xəzər Lənkəran” (0:1) oyunundan sonra milli komandanın 2 futbolçusu - Əfran İsmayılov və Elnur Allahverdiyev arasında yaranmış problem millimizin hazırlığının ilk günündə həllini tapıb. İsmayılov bildirib ki, hər şey xoş sonluqla başa çatıb.

“Əslində, aramızda ciddi problem yox idi. Nə onda, nə də məndə bir günah var. Düzdür, bəzi narazılıq olmuşdu. Amma elə hazırlığın ilk günündə incikliyi yoluna qoyduq. Qarşılıqlı söhbətdən sonra bu məsələni bağladıq. İndi Elnurla əvvəlki kimi yaxşı münasibətim var. Dərk etdim ki, milli komandanın vacib oyunlara hazırlaşdığı bir vaxtda 2 futbolçu arasında narazılığın olması, heç yaxşı hal deyil. İndi biz öz aramızdakı münasibətləri müzakirə etməyə deyil, beynəlxalq oyunlara vaxt ayırmalıyıq” – deyə, İsmayılov bildirib.

Azərbaycan çempionatının, eləcə də milli komandanın oyunları ilə əlaqədar Əfran vacib qərarı verməyə vaxt tapa bilmədiyini deyib. Belə ki, o, nişanlansa da, hələ də toyun vaxtını təyin etməkdə çətinlik çəkir: “Düşünürdüm ki, toyu tez bir zamanda edərəm. Amma hələlik yaxın gələcəkdəki planlarımda evlənmək söhbəti yoxdur. Toy eləmək üçün vaxt lazımdır, mən isə buna malik deyiləm”.

Qeyd edək ki, Azərbaycan milli komandası oktyabrın 7-də Bakıda Avstriya, bundan 4 gün sonra isə səfərdə Türkiyə ilə görüşəcək.