Maksim Medvedev: Ola bilsin ki, Berti Foqts mənimlə prinsip aparır
04.10.2011 - 13:21
Maksim Medvedev: Ola bilsin ki, Berti Foqts mənimlə prinsip aparır
“Berti Foqtsun məni milliyə niyə görə çağırmamağının səbəbini anlaya bilmirəm”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ”ın müdafiəçisi Maksim Medvedev deyib.

2012-ci il Avropa çempionatının seçmə qrup mərhələsində Avstriya və Türkiyə ilə oyunlara çağırılacağını gözləyən Medvedev sonradan təəssüflənməli olub. Çünki yığmanın baş məşqçisi Berti Foqts onun xidmətinə ehtiyac duymayıb.

Almaniyalı mütəxəssisin sağ cinahda daim şans verdiyi Mahir Şükürovun cəzalı olması səbəbindən Maksimə dəvət göndərəcəyi gözlənilirdi. Lakin bu, baş vermədi. Futbolçu isə özünü yığmanın düşərgəsində olanlardan heç də zəif hesab etmir: “Foqts hesab edirsə ki, kimlərdənsə zəifəm, yanılır. İndi yaxşı formadayam. “Qarabağ”ın heyətində 4-5 oyun keçirmişəm”.

Medvedev Foqtsun onunla prinsip aparmasını da istisna etmir: “Ola bilsin, Foqtsun mənimlə prinsip aparır. Amma nəyə görə belə olmalıdır? Qazaxıstanla səfər oyununda iştirak etdim, fikirləşdim ki, Bakıda da meydana çıxacağam. Ancaq Almaniya ilə oyunda şans vermədi. Səbəbini bilmirəm”.

Futbolçu klubunda heç də pis təsir bağışlamadığını qeyd edib: “Ola bilər, hansısa oyunda səhvə yol verim. Bu, futboldur. Hardasa 90 faiz formadayam. Belə olan təqdirdə, yığmadan kənarda qalmağımın səbəbini anlaya bilmirəm”.