Milli komandamız tarixi yerinə qaytarıldı
04.10.2011 - 13:59
Milli komandamız tarixi yerinə qaytarıldı
Azərbaycan millisinin FİFA-nın reytinqində 97-ci pilləyə yüksəlməsi futbolumuzda tarixi anı xatırladıb. Apasport.az saytının məlumatına görə, həmin yer komandamızın 1994-cü ildən daxil olduğu siyahıda uzun müddət rekordu olub.

Buna ilk dəfə 1999-cu ilin iyununda nail olmuşuq. Əhməd Ələsgərovun baş məşqçisi olduğu yığmamız həmin ay Avro-2000-in seçmə mərhələsində evdə Lixtenşteynə böyük hesabla qalib gəldi – 4:0. Bu, millimizin 19 illik tarixində hələ ki ən böyük hesablı qələbəsidir.

Yığmamız yenidən 97-ci pillədə yer almaq üçün il yarım gözləməli oldu. Əsgər Abdullayevin çalışdırdığı komandaz ardıcıl 2 dəfə - 1999-cu ilin dekabrında və 2000-ci ilin yanvarında bunu reallaşdırdı.

Millimiz nəinki 97-ci yerə, ümumiyyətlə, ilk yüzlüyə qayıtmaq üçünsə 10 il gözləmək məcburiyyətində qaldı. Buna hazırkı almaniyalı baş məşqçimiz Berti Foqts ötən il nail oldu. Yenə oktyabr reytinqi bizə düşərli oldu və 91-ci pilləyə yüksəlməklə, rekordumuzu yenilədik. Növbəti ay açıqlanan reytinqdə isə daha 1 pillə irəliləyərək, 90-cı olduq. Bununla da 2010-cu ilin noyabr, yəni Türkiyə üzərində Bakıda qazanılan tarixi qələbədən (1:0) sonrakı reytinq hələ ki ən yüksək göstəricimizdir. Yəni hazırkı 97-ci pillə nə vaxtsa bizim üçün rekord olsa da, indi belə deyil. Millimiz ötən ilin dekabrında 98-ci, bu ilin yanvarında 97-ci, fevralında 99-cu pillədə olub. Ümumilikdə götürdükdə, FİFA-nın reytinqində 5-ci dəfə 97-ci oluruq.

Qeyd edək ki, FİFA bu ayın 19-da açıqlayacağı reytinqinə qədər gözlənilmədən millimizin yerini yeniləyərək, onu daha 1 pillə irəli apardı.

Mehman SÜLEYMANOV