Bülənt Korkmaz Şenes Erzikdən mükafat alacaq
07.10.2011 - 09:52
Bülənt Korkmaz Şenes Erzikdən mükafat alacaq
Türkiyə milli komandasının futbolçularına UEFA-nın təsis etdiyi mükafatları təqdim edəcək şəxslər açıqlanıb. Apasport.az saytının məlumatına görə, “ay-ulduzlular”ın sabiq üzvləri – qapıçı Rüştü Rəcbər, müdafiəçi Bülənt Korkmaz və hücumçu Hakan Şükür qitə futbol qurumunun 1-ci vitse-prezidenti olan həmyerliləri Şenes Erzikdən mükafatlar alacaq. UEFA yığmalarda ən az 100 oyun keçirən futbolçuları mükafatlandırır ki, növbə Türkiyə çatanda əslən bu ölkədən olan Erzik iş başında olacaq. Onu Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Əli Aydınlar müşayiət edəcək.

Qeyd edək ki, “Bakı”nın sabiq baş məşqçisi olan Korkmaz həmkarları ilə birgə bu gün Avro-2012-in seçmə mərhələsində Bakı vaxtilə saat 23:30-da İstanbulda “Türk Telekom Arena”da başlayacaq Türkiyə - Almaniya oyunundan öncə mükafatlarına sahib çıxacaq.