“Çernomorets”də azərbaycanlı baş məşqçi - FOTOSESSİYA
07.10.2011 - 10:11
“Çernomorets”də azərbaycanlı baş məşqçi - FOTOSESSİYA
Azərbaycan milli komandasının sabiq futbolçusu Elşən Qəmbərov ABŞ-da məşqçilik edir. Bu haqda apasport.az saytına Elşənin özü məlumat verib. 2009-cu ilin yayından Okeanın o tayında yaşayan 39 yaşlı həmyerlimiz “Çernomorets” klubunun baş məşqçisi kimi çalışdığını bildirib. Fərq ondadır ki, məşhur Odessa “Çernomorets”inin adaşı onun kimi Ukraynada yox, ABŞ-da, konkret Nyu-York şəhərində fəaliyyət göstərir: “Bu klub sırf uşaq futbolunun inkişafı ilə məşğul olur və prezidenti ukraynalı iş adamı Oleq Sarumovdur. O, uzun müddətdir ABŞ-da yaşayır və vətənindəki “Çernomorets”in şərəfinə Nyu-Yorkda bu adda klub yaradıb. Bildiyiniz kimi, artıq 2 ildir burada yaşayıram və Sarumovla tanışlığımdan sonra bu dəvəti aldım. O, mənə klubunda baş məşqçi olmağı təklif etdi. Görünür, Sarumov mənimlə tanış olduqdan sonra haqqımda internetdən məlumatlar toplayıb. Bununla da məni daha yaxından tanımaq imkanı qazanan prezident uzun müddət Azərbaycan milli komandasında, “Neftçi”də, habelə Özbəkistanın müxtəlif klublarında oynamağım haqda məlumatlanıb. Sarumov mənə 20 ildir futbolda olan, məşqçilikdə ilk addımlarını gənc çalışdırıcı kimi etimad göstərib. Mən də bunu doğrultmağa çalışıram”.

Sözsüz ki, böyüklərlə müqayisədə uşaqlarla işləmək həm daha çətin, həm də daha məsuliyyətlidir. Özü də Qəmbərovun daha azyaşlılarla çalışmağı diqqəti çəkən məqamdır: “Mən 4-12 yaşlı uşaqlarla işləyirəm. Onlar rəhbərliyim altında futbolda ilk addımlarını atırlar. Çox kiçik olduqlarından, iş sisteminə xüsusi diqqət yetirmək lazımdır. Mən də bu çətin, məsuliyyətli işin öhdəsindən gəlmək üçün bütün bacarığımı ortaya qoyuram. İştirak etdiyimiz turnirlərdə, yarışlarda 1-ci olmuş, mükafatlar, kuboklar qazanmışıq. Məqsədim bu uğurların davamını gətirmək, yetirmələrimin gələcəkdə yaxşı futbolçu olmalarıdır ki, bunun düzgün təməlinin qoyulmağından çox şey asılıdır. Mən də futbolda olduğum 20 ildə qazandığım təcrübəni bunun üçün əsirgəmirəm. Əlbəttə, ABŞ-da azərbaycanlı baş məşqçinin çalışmağı, “Çernomorets” kimi tanınmış adda klubda işləməyim futbolumuzun Okeanın o tayında təbliğatı baxımından yaxşı haldır və bütün bunlar mənim üçün qürurvericidir”.

Elşən rəhbərliyi altında həmyerlinin olmağını arzulayır. Onun sözlərinə görə, Nyu-Yorkda yaşayan müxtəlif millətlərin nümayəndələri övladlarını buradakı futbol məktəbinə gətirirlər: “Onlar arasında ukraynalılar, postsovet məkanı təmsilçiləri çoxluq təşkil edir. İşlədiyim uşaqlar arasında azərbaycanlılar yox, türklər var. Çox istərdim ki, bizimkilər də bu sırada olsun. Hər halda, Nyu-Yorkda, ABŞ-da azərbaycanlı ailələr yaşayır və onların uşaqlarının futbolla məşğul olmalarına imkan yaradacaqlarına inanıram. Biz burada eyni zamanda ölkəmizin, futbolumuzun təbliğatı ilə məşğuluq. Amerikalılara bununla əlaqədar lazımı məlumatları çatdırırıq. Azərbaycanın “Eurovizion-2011” mahnı yarışmasında möhtəşəm qələbəsi bizi də çox sevindirdi. Biz Eldar Qasımov – Nigar Camal duetinin qazandığı bu tarixi uğuru burada böyük coşğu ilə qeyd etdik, əlimizdə Azərbaycan bayrağı Nyu-York küçələrinə çıxaraq, gəzişdik”.

Elşənin sözlərinə görə, “Neftçi”nin keçmiş futbolçusu ilə Nyu-Yorkdakı görüş onun həyatını dəyişdirib: “Mənim bura gəlməyimdə özbək dostum Olimin böyük rolu oldu. Özbəkistan yığmasının üzvü olmuş bu futbolçunu ölkəsində oynadığım vaxtdan yaxşı tanıyıram. ABŞ-da ilk vaxtlar başqa sahədə, futboldan kənar çalışmalı oldum. Sonradan həmyerlim Arif Zərbayılovla tanışlığım həyatımı dəyişdirdi. SSRİ dövründə “Neftçi”də çıxışı ilə tanınan bu veteran futbolçu uzun müddətdir ABŞ-da yaşayır. Onunla tanışlığım təsadüfən oldu. Əvvəldən şəxsi tanışlığımız olmayıb. Zərbayılov “Neftçi”dən gedəndə mən ora gəlmişdim. Onun vasitəçiliyi ilə Sarumovla, buradakı insanlar, futbol adamları ilə tanış olmaq imkanı qazandım”.

Qəmbərov 7 ay sonra vətənə qayıtmağı planlaşdırır. O, müvəqqəti qeydiyyatla yaşadığı ölkənin vətəndaşlığını alacağı vaxtı gözləyir: “İnşallah, gələn ilin mayında Azərbaycana qayıdacağam. ABŞ-da 2 il yaşadıqdan sonra “Green Card” almaqla, oranın vətəndaşlığını almaq imkanına malik olacağam. Əlbəttə, daim telefonla danışdığım ailəm üçün darıxmışam və onları görəcəyim günü səbirsizliklə gözləyirəm. Amerikada yaşadığım müddətdə keçmiş baş məşqçilərim Kazbek Tuayev, Vaqif Sadıqov, komanda yoldaşlarım İqor Getman, Zaur Tağızadə ilə mütəmadi əlaqəm olur. İnşallah, gələcəkdə vətənimdə məşqçilik etmək istərdim. Ölkəmizdə gənc məşqçilərə diqqət yetirilməyi yaxşı haldır ki, bu işdə AFFA-nın rolunu qeyd etmək lazımdır”.

Qeyd edək ki, Elşənin 21 yaşlı qardaşı Saleh futbolla məşğul olub və ağır zədədən sonra yaşıl meydana qayıdır. Onun qızı isə üzgüçülüklə məşğul olur və yaşadığı Özbəkistanın yığmasına cəlb olunur.

Mehman SÜLEYMANOV