Amit Quluzadə: Hər şey var, amma qol vura bilmirik
07.10.2011 - 13:32
Amit Quluzadə: Hər şey var, amma qol vura bilmirik
“Oyunla bağlı nə deyə bilərəm? Özünüz də gördünüz ki, onlardan üstün futbol nümayiş etdirdik”. Bu fikirləri apasport.az saytına açıqlamasında 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının (U-21) yarımmüdafiəçisi Amit Quluzadə deyib. Avropa çempionatının seçmə mərhələsində Norveçlə ev oyunda ilk dəqiqədən meydanda olan və rəqibin hücum qurmasının qarşısını almaq üçün çalışan futbolçumuz komandadakı əsas çatışmazlığın nədən ibarət olduğunu da deyib: “Komandadakı əsas çatışmazlıq qol vura bilməməyimizdir. Bir qol vursaydıq, əminəm ki, həmin oyunda qalib gələcəyik. Bir çox komponentlərdə rəqibdən üstün idi. Ancaq son nöqtəni qoya bilmədik. Hesabı biz açsaydıq, böyük hesablı nəticə qeydə alınacaqdı. Heç nədən qapımızdan iki top buraxdıq”.

Cari mövsümdən Türkiyənin “Ərciyyəspor” klubunda oynayan Amit yığmamızın heyətindəki problemlərin də oyuna mənfi təsir göstərdiyini vurğulayıb: “Zədə səbəbindən komandaya kömək edə bilməyən futbolçular olsaydı, nəticə başqa cür olardı. Ancaq nə etmək olar? Baş məşqçi də əlində olan futbolçuların xidmətindən maksimum yararlanmaq istəyir. Məncə, bu cür oyunumuzu Belçika ilə qarşılaşmada da davam etdirməliyik. Təbii ki, qol problemini həll etməliyik. Əgər qol vura bilməsək, bizim üçün çətin olacaq”.