“Xəzər Lənkəran” bu gün zirvədə qərarlaşıbsa...”
08.10.2011 - 12:18
“Xəzər Lənkəran” bu gün zirvədə qərarlaşıbsa...”
“Bilirdim ki, əvvəl-axır qol vuracağam. Ötən mövsüm səhv etmirəmsə, 5 qol ötürməsi vermişdim”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın futbolçusu Ansi Aqolli deyib.

Albaniyalı müdafiəçi klubun saytına açıqlamasında ötən turun “Turan”la oyununda vurduğu qolun davamının gələcəyindən danışıb: “Qarabağ”ın oyun üslubu elədir ki, daim hücuma dəstək verirəm. Topla daha çox davranırıq. İnanıram ki, bu il vuracağım sonuncu qol olmayacaq. Meydan düz olanda, biz daha yaxşı oynayırıq. Getdikcə, daha yaxşı oynayacağımıza inanıram. Təbii ki, çempionluq istəyirəm. Komandamızın buna qadir olduğuna əminəm. Sadəcə, hər oyuna final matçı kimi baxmalıyıq. Xüsusilə, milli oyunlardan sonrakı dövrü yaxşı dəyərləndirməliyik. Çox vaxt həmin matçlarda xal itiririk. Bəxt amili də vacibdir. Xal itirdiyimiz “Qəbələ”, “Xəzər Lənkəran” və “Sumqayıt Şəhər”lə oyunlarda rəqibdən daha yaxşı təsir bağışlamışdıq. Sadəcə, şanssızlıqla üzləşdik”.

Aqolli çempionluğa əsas namizədlərin də adlarını açıqlayıb: “Çempionluğa əsas namizədə gəlincə, “Xəzər Lənkəran” bu gün lider mövqeyində qərarlaşıbsa, demək onlar hər kəsdən öndədirlər. Amma keçən il daha aşağı pillələrdən gəlib rəqibi yaxalamışdıq. Ona görə də zirvəyə qalxa bilərik. Zənnimcə, qızıl medallar uğrunda əsas rəqiblərimiz “Xəzər Lənkəran” və “Neftçi”dir. Amma digər oyunlara da eyni konsentrasiya ilə yanaşmasaq, əsas rəqibləri fikirləşməyin mənası yoxdur”.