Media əməkdaşı stadiona girə bilməz...
08.10.2011 - 23:00
Media əməkdaşı stadiona girə bilməz...
AFFA-nın Mərdəkan qəsəbəsində yerləşən “Dalğa Arena”da media əməkdaşları üçün bir sıra şəraitin yaradılmasına baxmayaraq, Avro-2012-nin seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan – Avstriya oyunu vaxtı bəzi KİV nümayəndələri stadiona daxil olmaqda çətinliklə qarşılaşıblar. Bəzi həmkarlarımız həmin qarşılaşmaya daxil ola bilmədiyindən apasport.az saytı bu və digər məsələlərə aydınlıq gətirmək üçün AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu ilə əlaqə saxlayıb.

Nərimanoğlu bildirib ki, bu arena beynəlxalq normalara tam uyğun olaraq tikilib, azarkeşlər və media əməkdaşları üçün geniş şərait yaradılıb. Belə ki, FİFA tərəfindən stadionun ot örtüyünə ən yüksək sertifikat verilib və beynəlxalq oyunların burada keçirilməsi üçün tələb olunan şəraitin mövcudluğu rəsmi surətdə təsdiqlənib.

Azarkeşlərin stadiona maneəsiz daxil olması və təhlükəsizlik qaydalarının qorunması üçün xüsusi keçidlər quraşdırılıb. Bundan əlavə media nümayəndələri üçün media mərkəzi yaradılıb, onların normal fəaliyyəti üçün ən yaxşı sektorlarda yerlər ayrılıb, stollar, televiziya şərhçiləri üçün 4 kabinə quraşdırılıb, internet şəbəkəsi yaradılıb.

Bəzi media əməkdaşlarının stadionlara daxil olmaq üçün çətinliklərlə qarşılaşmasına toxunan Nərimanoğlu bunu həmin şəxslərin birbaşa təqsiri kimi qiymətləndirdi. O, qeyd etdi ki, beynəlxalq qaydalara uyğun artıq 2 ildir ki, AFFA tərəfindən media əməkdaşlarının akkreditasiyası ilə bağlı yeni layihə tətbiq olunur.

Oyunların başlanmasına 15 gün qalana qədər internet vasitəsi ilə jurnalistlərin qeydiyyatı aparılır və hər bir jurnalistə şəkilli bəclər verilir.

Bununla da KİV nümayəndələrinə normal fəaliyyət üçün tam şərait yaradılır. Lakin əfsuslar olsun ki, bəzi jurnalistlər bu qaydalara əməl etməyərək vaxtında qeydiyyatdan keçmir. Belə olan təqdirdə isə onların media üçün ayrılan xüsusi qapıdan stadiona buraxılmasına nəzarətçilər tərəfindən icazə verilmir.

Bundan əlavə oyun qurtaran kimi media əməkdaşlarının meydana daxil olmasına da ciddi qadağalar qoyulub. Çünki beynəlxalq qaydalara əsasən canlı yayım hüququ olmayan TV əməkdaşlarının oyundan dərhal sonra meydanda müsahibə almasına icazə verilmir.

Onlar məşqçilərdən mətbuat konfransında, futbolçulardan isə bunun üçün ayrılmış (mix) zonada fikir öyrənə bilərlər. Bütün bunlar üçün arenada tam şərait yaradılıb. Onu da qeyd edək ki, gələn il 17 yaşadək qızlar arasında Dünya Çempionatının bəzi oyunlarının məhz burada keçirilməsi qərara alınıb.

Departament rəisi onu da bildirdi ki, AFFA-nın prezidenti Rövnəq Abdullayevin göstərişinə əsasən stadionda media əməkdaşlarına geniş şəraitlər yaradılıb və bu istiqamətdə işlər davam etdirilir. Onların vəzifəsi isə bu qaydalara əməl etməkdir. Bundan sonra da vaxtında akkreditasiyadan keçməyən KİV nümayəndələrinə bəclər verilməyəcək, onlar media sektora və mətbuat konfransına buraxılmayacaq.