Azərbaycan yığması qitə çempionatlarında 50-ci oyuna çıxır
10.10.2011 - 09:49
Azərbaycan yığması qitə çempionatlarında 50-ci oyuna çıxır
Avro-2012-nin seçmə mərhələsinin Türkiyə ilə İstanbuldakı qarşılaşması millimizin tarixinə 180-ci matç kimi düşəcək. Apasport.az saytının məlumatına görə, 1992-ci ildən indiyədək 179 oyuna çıxan komandamız bu müddətdə 31 qələbə qazanıb, 44 heç-heçə edib və 104 dəfə meydanı başıaşağı tərk edib. Bu günə qədər 123 dəfə rəqib qapısına yol tapan komandamız 325 dəfə topu öz qapısında görüb.

AÇ-lərin seçmə mərhələlərində 49 oyunda 5 qələbə qazanıb, 6 dəfə heç-heçə edən komandamız 38 dəfə məğlub olub. Komandamızın 29 top vurub, 128-ni buraxdığını da qeyd edək. Millimiz ümumilikdə, seçmə mərhələlərdə 87 matçın 66-də uduzub. 8 qələbə və 13 heç-heçəyə sevindiyimiz belə qarşılaşmalarda 41 top vuran millimiz 202 dəfə qol buraxmasına üzülüb.

Sabahkı matç Azərbaycan yığmasının baş məşqçisi Berti Foqtsun bu postda 41-ci qarşılaşması olacaq. Fasiləsiz olaraq, yığmamızın “sükanı arxası”nda olan almaniyalı 8 qələbə və 10 heç-heçəyə sevinib, 22 dəfə yetirmələrinin üzüntüsünə şərik olub. Bu matçlarda yığmamız 31 qolun sevincini yaşayıbsa, 67 dəfə qapıçımız topu tordan çıxarıb.