Berti Foqts üçün görünməmiş nəticə
10.10.2011 - 14:05
Berti Foqts üçün görünməmiş nəticə
Berti Foqts Azərbaycan milli komandasının baş məşqçisi kimi seçmə mərhələlərdə evdə ən pis göstəricisinə imza atdı. Apasport.az saytının məlumatına görə, 65 yaşlı almaniyalı mütəxəssis 2008-ci ilin aprelindən çalışdırdığı yığmamızla öz meydanında rəsmi oyunda ilk böyük hesablı məğlubiyyətini aldı. Bu, Avro-2012-in seçmə mərhələsində Avstriya yığmasına “Dalğa Arena”da 1:4 hesablı məğlubiyyət oldu.

Özü də bu, Foqtsun evdə yubiley - 10-cu rəsmi oyununda reallaşdı. O, son 2 seçmə mərhələdə Almaniya kimi güclü rəqiblə bir qrupa düşsə də, həmyerlilərinə öz meydanında böyük hesabla yox, 2 top fərqi ilə yenilmişdi (0:2 və 1:3). Ancaq bu, o demək deyil ki, çalışdırıcı bu 4 ilə yaxın müddətdə yığmamızla evdə belə hesabla uduzmayıb. Millimizin 2009-cu ilin iyunun 9-da İspaniya yığmasına Tofiq Bəhramov adına Respublika stadionunda məğlubiyyəti bundan da ağır olmuşdu – 0:6. Bu, yığmamızın 19 illik tarixində öz meydanında ən ağır məğlubiyyətidir.

Millimiz bunadək rəsmi oyunlarda evdə sonuncu böyük hesablı məğlubiyyətini isə 4 il öncə almışdı. Maraqlıdır ki, həmin vaxt da Avropa çempionatının seçmə mərhələdə oyunu idi (Avro-2008). 2007-ci ilin oktyabrın 17-də Serbiya yığmasına Respublika stadionunda 1:6 hesabı ilə uduzan yığmamız bununla da rəsmi oyunlarda ən ağır darmadağınını yaşadı. Bu, Şahin Diniyevin millimizin baş məşqçisi postundan istefa verməyi ilə nəticələndi. Ondan sonra Foqtsa qədər makedoniyalı Qyoko Hacıyevski ilə Nazim Süleymanov bu vəzifəni müvəqqəti icra ediblər.

Mehman SÜLEYMANOV