Rəşad Sadıqov: Sərgən Yalçının dedikləri bizi maraqlandırmır
10.10.2011 - 15:24
Rəşad Sadıqov: Sərgən Yalçının dedikləri bizi maraqlandırmır
“İstərdik ki, Türkiyə yığması də qrupdan çıxsın. Amma biz oyunumuzu oynayıb, nəticə qazanmağa çalışacağıq”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqov bu gün İstanbulda keçirilən mətbuat konfransında deyib. 29 yaşlı müdafiəçi Avro-2012-in seçmə mərhələsində Türkiyə yığması ilə sabahkı səfər oyununda rəqibə güzəştə getməyəcəklərini bildirib: “Neçə illərdir ki, öz meydanımızda yaxşı oynayırıq. Amma səfərdə çətinliklə üzləşirik. Bu dəfə çalışacağıq ki, fərqli nəticə olsun. Qazandığımız hər xal bizim üçün qızıla bərabərdir, reytinqimizi qaldırırıq. Biz də bilirik ki, Türkiyəyə xal lazımdır. İstərdik ki, bizimlə oyuna qədər pley-offa vəsiqə qazanardılar. Sabah bərabərlik, Belçikanın Almaniyaya uduzmağını istərdim”.

Sadıqov bizə yuxarıdan aşağı baxan məşhur türkiyəli veteran futbolçu Sərgən Ylçının açıqlamalarına fikir vermir: “Sərgən Yalçın belə danışmağa vərdiş edib. Onun dedikləri bizi maraqlandırmır. Biz öz bayrağımız altında oynayacağıq. Sabah müdafiədə boşluğa yol versək, bizim üçün yaxşı nəticələnməyə bilər. Qapalı futbol oynayacağıq. Erkən qol buraxmamağa çalışmalıyıq. Bizim işimiz onların yaxşı hücumlarının qarşısını almaqdır”.