Foqtsun 2-ci finişi: Qapını möhkəm çırpmağın vaxtıdır
10.10.2011 - 17:32
Foqtsun 2-ci finişi: Qapını möhkəm çırpmağın vaxtıdır
Sabah Azərbaycan milli komandası Avro-2012-in seçmə mərhələsində son oyununu keçirəcək. Apasport.az saytının məlumatına görə, Berti Foqtsun çalışdırdığı yığmamız Bakı vaxtilə saat 22:00-da İstanbulda “Türk Telekom Arena”da Türkiyə millisi ilə görüşəcək. Oyun hər 2 komanda üçün önəmli olsa da, qardaş ölkə təmsilçisinə daha vacib olmağı şəksizdir. Axı matç türklərin qrupumuzda 2-ci yeri tutub, pley-off mərhələsinə vəsiqə qazanacağına aydınlıq gətirəcək. Qus Hiddinkin komandası ötən cümə Almaniyaya evdəki məğlubiyyətdən sonra 3-cü yeri düşsə də, onu qabaqlayan Belçikadan daha şanslı olduğunu əminliklə deyə bilərik. Çünki belçikalıları son turda Almaniya ilə çətin səfər oyunu gözləyir. İndiyə kimi yüz faizli nəticə göstərən Bundestim seçmə mərhələni “ 10 oyun, 10 qələbə” ilə başa vurmağa iddialıdır. Bu mənada Yoahim Lövün komandası son matçda, özü də evdə güzəştə getməyəcək. Belçika xal alsa belə, bu, işinə yaramayacaq. Axı Türkiyənin Azərbaycanla oyunda qalib gələcəyi daha real göründüyündən, ondan 1 xal geri düşəcək. Bu 2 yığmanın xalları bərabər olsa belə, “ay-ulduzlular” şəxsi oyunlarda üstün olduğundan, rəqibini qabaqlayacaq.

Hiddinkin yetirmələrini qələbəyə sövq edən digər amil millimizdən 1 il öncə Bakıdakı məğlubiyyətin (0:1) əvəzini çıxmaq istəyidir. Bu mənada ilk dəqiqələrdən hücuma atılacaq meydan sahibləri böyük hesabla qalib gəlməyə çalışacaq. Yığmamız isə Avstriya ilə oyundan sonra çətin durumdadır. Bu, ilk növbədə evdə böyük hesablı məğlubiyyətdən sonra psixoloji durumla bağlıdır. Türkiyədə çılğın azarkeş dəstəyi qarşısında oynamaq rəqiblər üçün nə qədər çətin olduğunu nəzərə alsaq, bizə daha ağır olacaq. Ancaq bütün bunlar millimizin üzvlərini qətiyyən ruhdan salmamalıdır. Türkiyəli futbolçular bizə yuxarıdan aşağı baxırlar ki, bu, yaxşı nəticəyə, rəqibi yenə cəzalandırmağa əlavə stimul verməlidir. Axı ötən ilin oktyabrında görüş zamanı da eyni vəziyyət idi və “ay-ulduzlular” bizə saymazyana münasibətin əziyyətini çəkdilər. Bu dəfə qələbə də olmasa, heç-heçə avstriyalılara məğlubiyyətdən sonra yaxşı bəraət ola bilər.

Təbii ki, bu nəticəni qazanmaqda ilk növbədə Foqts daha çox maraqlı olmalıdır. Axı ardıcıl 2-ci seçmə mərhələdə finiş xəttində olan 65 yaşlı almaniyalı mütəxəssisin müqaviləsi bu ilin sonunda bitir və bu, onun sonuncu rəsmi oyunu ola bilər. Necə deyərlər, qapını möhkəm çırpmağı vaxtıdır və həm millimiz, həm də onun çalışdırıcısı buna çalışacaq. İstanbuldakı oyunun nəticəsinin Foqtsun yığmamızdakı gələcək taleyinə birbaşa təsir etməsi mümkündür.

Hər 2 komanda oyuna ciddi itkilərlə çıxacaq. Rəqib əsas qapıçısı Volkan Dəmirəlin xidmətindən zədə üzündən istifadə edə bilməyəcək. “Fənərbaxça”nın qapıçısı heyətdən çıxarılıb və onu Belçikanın “Standard” klubunda oynayan həmkarı Sinan Bolatın əvəzləyəcəyi gözlənilir. Əvəzində kapitan Əmrə Belözoğlu tam sağalıb və meydana çıxacağı açıqlanıb. Foqtsun son oyunlara açıqladığı heyətdə çox hücumçu – 6 nəfəri çağırsa da, bunlardan yarısı artıq onun sərəncamında deyil. Belə ki, Murad Hüseynov hələ oyunlara qədər zədələndiyindən, heyətdən kənarda qaldı. Rauf Əliyev Avstriya ilə oyunda aldığı sarı vərəqəyə görə cəzalı duruma düşdü. Vaqif Cavadov isə millimizdə oynamaqdan imtina edərək, Türkiyə ilə görüş öncəsi düşərgəni özbaşına getdi. Millimizin daha bir itkisi Avstriya ilə oyunda birbaşa qırmızı vərəqə alaraq, meydana çıxarılan müdafiəçi Saşa Yunisoğlunun yoxluğu ilə bağlıdır.

Oyun millimizin 2 futbolçusu - kapitan Rəşad Sadıqovla Ufuk Budak üçün xüsusi əhəmiyyət kəbs edəcək. Rəşad Superliqa 3 klubda çıxış etməyindən, Türkiyə yığmasına vurduğu qollardan qardaş ölkədə yaxşı tanınır. Ufukun isə klub karyerası Almaniyaya, yığma karyerasını bizə bağlı olsa da, milliyətcə türkdür və öz həmyerlilərinin qarşısına rəqib kimi çıxmalı olacaq.

Qeyd edək ki, Türkiyə - Azərbaycan oyununu Peter Rasmussenin başçılıq etdiyi danimarkalı hakimlər briqadası idarə edəcək.