Zeynal Məmmədov: Bu, Starkovun qərarından asılı məsələdir - MÜSAHİBƏ
11.10.2011 - 13:17
Zeynal Məmmədov: Bu, Starkovun qərarından asılı məsələdir - MÜSAHİBƏ
“Bakı” klubunun vitse-prezidenti Zeynal Məmmədovun apasport.az saytına müsahibəsi.

- Artıq çempionatın 8 turu arxada qalıb. Bu görüşlərdən 8 xal toplayan “Bakı” hazırda 5-ci pillədə qərarlaşıb. Komandanızın oyunu sizi qane edirmi?
- Komanda son zamanlar özünə gəlsə də, hələ ki oyun bizi qane etmir. Nəticə və oyun qənaətbəxş deyil. Komanda hələ ki bizim istədiyimiz səviyyədə deyil. Amma futbolçulara inamımız böyükdür. Fikrimcə, bu futbolçular və məşqçilər korpusu ilə uğur qazana biləcəyik.

- “Bakı” heyətinə görə Premyer Liqanın ən güclü və zəngin klublarından biri hesab olunur. Az qala hər mövqedə iki eyni səviyyəli futbolçular var. Bəs komandanın hələ də komplektləşə bilməməyinizin əsas səbəbi nədir?
- “Bakı”da müxtəlif yığma komandaların təmsilçiləri var. Onlar üzərlərinə düşən məsuliyyəti tam dərk edirlər. Amma ola bilər ki, bəzi futbolçular hələ də komandaya, oyun üslubuna tam alışmayıblar. Eyni zamanda, zədəli futbolçularımız da çoxdur. 4-5 futbolçumuz hələ oynamağa tam hazır deyil. Zədəli futbolçuların yoxluğu nəticəyə birbaşa da olmasa, müəyyən mənada təsir edir. Amma həkimlər onları nəzarətdə saxlayır və tezliklə düşərgəyə qayıtmaları üçün var qüvvələrini səfərbər edirlər.

- Fikrimizcə, “Bakı”nın ən yaralı yeri hücumçularla bağlıdır. Kosta-Rika millisinin oyunçusu Uniston Parks və Latviya yığmasının üzvü Marius Verpakovskis ümidləri doğrultmurlar. Onların belə zəif çıxışına səbəb nədir?
- Yəqin ki, bu futbolçular hələ də komandaya tam öyrəşməyiblər. Bəzi hallar olur ki, top qapıya getmir. Qardaş, həqiqətən də top qapıya getməyəndə, getmir. Amma ümidimizi itirmirik. İnanırıq ki, bu futbolçular gələcəkdə yaxşı təsir bağışlayacaqlar.

- Parks qol hesabın açsa da, latviyalı hələ bunu bacarmayıb. Onunla bu barədə söhbətiniz olubmu?
- Hərə özünə görə bir futbolçudur. Məncə, Verpakovskisin karyerası hamıya məlumdur. O, yaxşı komandalarda oynayıb, ad-sanı var. Sizcə, hansı futbolçu istəməz ki, meydançanı qol vurmadan tərk etsin? Axı onun adı-sanı var.

- Latviyalı futbolçu sırf qol vura bilmədiyinə görə narahatlıq hissi keçirirmi?
- Əlbəttə ki. Marius həm də Latviya yığma komandasının üzvüdür. O, qol vurmadığına görə çox məyusdur. Biz onu yaxşı başa düşürük. Öz üzərində çalışan futbolçudur. İnanırıq ki, adaptasiya dövrünü yaxın gələcəkdə geridə qoyacaq.

- Artıq qış “transfer pəncərəsi”nin açılmasına elə də böyük vaxt qalmayıb. Qışda “Bakı”nı nə kimi dəyişikliklər gözləyir?
- Biz komandanın özəyini qoruyacağıq. Yəni komanda böyük dəyişikliklər astanasında deyil. Sadəcə olaraq, zəif mövqelərimizi gücləndirəcəyik. Komanda daha da qüvvətlənəcək, vəssalam.

- Bu gün “Bakı”nın yarımmüdafiə xəttində boşluğunun olduğunu nəzərə alsaq, məhz bu mövqeyə futbolçunun alınacağını gözləmək olarmı?
- İndidən nəsə demək çətindir. Ona görə ki, baş məşqçimiz Aleksandr Starkov hazırda milli komandasının düşərgəsindədir. Sözsüz ki, biz baş məşqçinin qərarına uyğun olaraq hərəkət edəcəyik. Hansı mövqeyimiz də zəiflik varsa, onu aradan qaldıracağıq.

- Avropa çempionatının seçmə mərhələsi sona çatır. Latviya millisi ilə müqaviləsi başa çatacaq Starkov yeni sözləşməyə imza atacaq, yoxsa, yalnız “Bakı” üçün çalışacaq?
- Bu, onun qərarından asılı məsələdir. Bununla bağlı hər şey onun ixtiyarındadır. Son qərarını isə bilmirəm.

- Bəlkə Starkov oktyabrın 12-də Azərbaycana Latviya millisindən ayrılmış bir məşqçi kimi qayıtdı?
- Düzü, getməzdən öncə onunla bu barədə söhbətim olmayıb. Odur ki, Azərbaycana hansı vəziyyətdə qayıdacağını bilmirəm.

- Sizcə, komandanın futbolçuları Starkovun taktikasına uyğundurlarmı?
- Komandanın hansı üslubda oynamasını baş məşqçi müəyyənləşdirir. Yəqin ki, oyundan sonra komandanı xarakterizə edir. Biz Starkovun işinə müdaxilə etmirik, əksinə onu dəstəkləyirik. Hələ heç nə itirilməyib.