Jabadan Kamrana məsləhət: Burakdan ehtiyatlı ol!
11.10.2011 - 16:03
Jabadan Kamrana məsləhət: Burakdan ehtiyatlı ol!
“Fikrimcə, bu gün çox maraqlı oyun olacaq. Türkiyədə milli komandanı çox sevirlər. Odur ki, orada azarkeşlər Azərbaycan yığması ilə matçda stadionu tam dolduracaqlar”.
Bu fikirləri apasport.az saytına açıqlamasında “Bakı”nın braziliyalı hücumçusu Jaba deyib. Türkiyədə “Ankaraspor”, “Ankaragücü” klublarında oynamış təcrübəli futbolçu “ay-ulduzlular”ın Azərbaycan milli komandası ilə Avro-2012-in seçmə mərhələsində bugünkü ev oyununda şanslarını daha yaxşı qiymətləndirib: “Türkiyədə futbol öz inkişaf tempini tutub. Artıq bu ölkənin komandaları Çempionlar Liqasının, Avroliqanın qrup mərhələsində mübarizə aparırlar. Azərbaycanda isə futbol yeni-yeni inkişaf etməkdədir. Fikrimcə, bu görüşdə qələbə ən çox Türkiyəyə lazımdır”.

Oyunda fərqlənəcək oyunçunun adını da açıqlayan Jaba millimizin qapıçısı Kamran Ağayevə Burak Yılmaza diqqət yetirməyi məsləhət görür: “Fikrimcə, Türkiyə millisinin tərkibində yaxşı hücumçular var. Xüsusən də Burakdan qol gözləyirəm”.

Qeyd edək ki, Yılmaz hazırda Türkiyəni Çempionlar Liqasında təmsil edən “Trabzonspor”un şərəfini qoruyur.